“Bundan doğru istifadə etdikdə daha yaxşı nəticələr əldə etmək olar”

AFFA İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.

Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.

“Vətən” futbol məktəbinin prezidenti Mustafa Həsənov “Futbolpress.az“-a açıqlamasında limitin ləğviylə bağlı fikirlərini bölüşdü:

“Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi Publik Hüquqi Şəxsi Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərir. Əsasən 7-17 yaş arası uşaqlar futbol idman növü ilə məşğul olur. “Vətən” futbol məktəbidir. Bu o deməkdir ki, bizim üçün əsas hədəf olduğu kimi yerində qalır – ölkəmizə gücümüz çatacaq qədər səriştəli futbolçular yetişdirmək ki, onlar da növbəti mərhələdə peşəkar futbolçu statusuna malik olsunlar. Müasir dövrdə hər bir yenilik və dəyişiklik yeni çağırış deməkdir. Qeyd etdiyiniz dəyişiklik də bizə futbolçu yetişdirmək işimizdə onlara daha motivasiyalı və əzmkar yanaşmağı aşılamaq olacaq. Düşünürəm ki, bu dəyişiklikdə limitlə yanaşı digər müşaiyətedici şərtlər də nəzərdə tutulub, hansı ki, onlar icra olunduqda və klublar, məktəblər bundan doğru istifadə etdikdə daha yaxşı nəticələr əldə etmək olar”.

Mirkamal Kazım