Azərbaycan Premyer Liqasında XXI tur başa çatıb. Lider “Qarabağ” səfərdə “Zirə”yə məğlub olub, ikinci pillədəki “Araz-Naxçıvan” isə Sumqayıt səfərində bir xala razılaşıb.
Üçüncü “Zirə” isə növbəti qələbəsini qazanmaqla avrokubok iddiasını davam etdirib. Mükafatçılar sırasına düşməyi hədəfləyən “Turan Tovuz” və “Sabah” isə xal itkisi ilə yadda qalıb.
Turun açılış matçında “Kəpəz” “Sabah” üzərində əzmkar qələbəy sevinib. Oyunun ilk dəqiqələrindən geri düşən gəncəlilər yaxşı reaksiya ilə hesabı bərabərləşdirsə də, “bayquşlar” fasiləyə qədər daha bir qol vurmaqla hissəni üstün tamamladı. Buna baxmayaraq, fasilədən sonra komandanın azlıqda qalması və “Kəpəz”in təzyiqi artırması meydan sahiblərinin üç xalı qazanması nəticələndi. “Kəpəz” elitada qalmaq yolunda vacib qələbə qazandı və “Şamaxı” ilə xallarını bərabərləşdirdi. Aktivində 17 xal olan komandalar müvafiq olaraq 8 və 9-cu sıranı bölüşüb.
Autsayder “Səbail”in “Turan Tovuz”la heç-heçə etməsi “dənizçilər” üçün yaxşı nəticə sayılır. Çətin səfərdən bir xalla dönərək rəqibləri “Kəpəz” və “Şamaxı”ya bir xal yaxınlaşan Bayıl təmsilçisi asan təslim olmayacağını göstərdi. “Səbail” ikinci dövrədə hələ məğlub olmayıb.
Tarixinin ən uğursuz dönəmini keçirən “Neftçi” isə “Şamaxı”nı çətinliklə məğlub edib. Penaltidən vurulan qolla aktivinə üç xalı yazdıran “ağ-qaralar” oyun baxımından ümid vermədi. İlk hissədə daha yaxşı oynayan “Şamaxı” çox çalışsa da, qol vura bilmədi.
Turun ən maraqlı qarşılaşması isə “Zirə” ilə “Qarabağ” arasında baş tutdu. Avropa Liqası ilə vidalaşan “Qarabağ”da eniş hiss olunur. Ardıcıl məğlubiyyətlərdən sonra komandanın Zirədə qələbə qazanaraq, motivasiyasını yüksəltməsi gözlənilsə də, nəticə fərqli oldu. İlk hissəni iki fərqlə üstün bitirən “atlılar” fasilədən sonra özünə bənzəmədi. Müdafiədə boşluqlar, hücumda axsayan “Qarabağ” əvəzində üç qol buraxdı və məğlub oldu. Komandada problemlər var və çatışmazlıqlar hər oyunda qabarıq şəkildə üzə çıxır. Xüsusilə müdafiədə diqqətsizlik “Zirə”nin hücumçularına fərqlənmək üçün kifayət qədər şanslar yaratdı. Çempionatda ardıcıl ikinci məğlubiyyətini yaşayan “Qarabağ” hələ də ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 7 xal qabaqlayır.
21 tur sonrası turnir cədvəlində dəyişiklik autsayderlər zonasında oldu. “Səbail” sonuncu sıraya gerilədi, “Şamaxı” isə 9-cu pilləyə düşdü. “Kəpəz” isə bu mövsüm ilk dəfə turu 8-ci sırada bitirdi.
Şahin Cəfərov