Conun anlaşılmaz Liviya seçimi

“Turan Tovuz”un futbolçusu Oto Con karyerasını Liviyada davam etdirəcək. Nigeriyalı hücumçu bu ölkənin “Əl Mədinə” klubu ilə anlaşıb.

Sözügedən klub ölkəsinin iddialı kollektivlərindəndir. “Əl Mədinə” 4-cü qrupda 8 turdan sonra 16 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. Liviya çempionatı fərqli formatdadır və hər qrupda 9 komanda olmaqla 4 qrup yarışır. Yekunda zirvədə qərarlaşanlar çempionluq zonasına daxil olur və bir-biriləri ilə qarşılaşırlar. Liviyada Azərbaycandan fərqli olaraq çempionatda format başqadır və komanda sayı çoxdur. Lakin səviyyə…

“Əl Mədinə”nin “transfermarkt” portalına görə, heyətinin dəyəri 600 min avrodur. Bəli, altı yüz min! Oto Conun qiyməti isə həmin portalda 650 min avro dəyərlə göstərilib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanın mövsümün ortasında əsas oyunçusunu satması üçün ya kifayət qədər yüksək məbləğ tələb edilməli, ya da oyunçu öz istəyi ilə klubundan ayrılmalıdır. Oto daha əvvəl Kosovo, Albaniya kimi ölkələrdə top qovub. Yenidən ora qayıtması bəlkə də, bəzi nüanslarla başadüşülən olardı. Lakin Otonun Liviya variantı anlaşılmazdır.

Con bu mövsüm Premyer Liqada 21 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Forvard 2023-cü ilin yayından Tovuz təmsilçisində çıxış edir. 27 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında ümumilikdə 16 qolla yadda qalıb.