Qurban Qurbanov: “Futbolçularımın yanındayam”

Avropa Liqasında Liqa mərhələsinin sonuncu – səkkizinci turu çərçivəsində keçirilən “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” matçından (3:0) sonra “atlılar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında görüş barədə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Oyun sona qədər çox dinamik keçdi. Azarkeşlər də yaxşı atmosfer yaratmışdılar. Birinci hissədə hər şey qaydasında idi. Futbolçularımın yaxşı mübarizə aparmaları mənim üçün çox vacib idi. Bu gün bunu gördüm. Təəssüf ki, texniki səhvlər oldu və qapımızda 3 qol gördük. İstənilən halda futbolçularımın yanındayam. Növbəti avrokubok mövsümünə hazırlaşmaq üçün bu oyunlar böyük təcrübə oldu. Avropada futbol get-gedə dəyişir. Biz də növbəti mövsüm üçün böyük fayda əldə etdik”.