Romao: “Turniri layiqli şəkildə başa vurmaq istəyirik”

Avropa Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində Bakı vaxtı ilə saat 00:00-da “Olimpiakos” – “Qarabağ” matçı baş tutacaq.

Futbolpress.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında “Qarabağ”ın aparıcı üzvlərindən olan Julio Romao görüşlə bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.

– Sabahkı oyunda detallar matçın taleyini həll edəcək. Ümumən turnir cədvəlinə nəzər saldıqda, görürük ki, “Olimpiakos”un durumu daha yaxşıdır və növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. Amma bizim vəziyyətimiz o qədər də yaxşı deyil. Ancaq aşağıda olmağımıza baxmayaraq, hazırki durumumuzu daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

– Özünüzün də qeyd etdiyi kimi turnir cədvəlindəki yerinizə görə heç bir xalın sizin üçün önəmi yoxdur. Belə vəziyyətdə siz futbolçular matça daha motivasiyalı hazırlaşmaq üçün öz aranızda nə danışırsız?

– Bizim üçün hər bir oyun önəmlidir. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, hər oyuna motivasiya ilə çıxırıq. Bəli, durumumuz heç də yaxşı deyil. Amma mübarizəmizi daha yaxşı yerdə başa vurmaq istəyirik.

– Sizcə, “Qarabağ”ın hazırda qərarlaşdığı pillə ədalətlidir?

– Məncə, ədalətlidir. Əgər rəqibinə səni yaralamağa şərait yaradırsansa, o da səni yaralayacaq. Razıyam ki, bir çox oyunlarda daha yaxşı mübarizə aparıb, amma layiq olmayan nəticəni aldıq. Ancaq qeyd etdiyim kimi, şəraiti biz yaratdıq. Sabah sonuncu oyunumuzdur. Turniri layiqli şəkildə başa vurmaq üçün əlimizdən gələni edəcəyik.

– “Olimpiakos”un heyətində diqqətinizi çəkən futbolçular var?

– Bəli, Ayub El Kaabini qeyd edə bilərəm. Ağıllı futbolçudur. Başqa Rodineyin adını çəkə bilərəm. Onu da Braziliyada – “Flamenqo”da oynadığı vaxtdan tanıyıram.

Mirkamal Kazım