Azərbaycan Premyer Liqasında XX tur “Qarabağ”ın “Turan Tovuz”a məğlubiyyəti ilə yadda qaldı – 1:2. Qurban Qurbanovun yetirmələri 90-cı dəqiqəyə qədər 1:0 öndə olduğu matçı yekunda xalsız tərk etdi. Bu, “Qarabağ”ın cari mövsümdəki ikinci məğlubiyyəti oldu.
Qış fasiləsindən sonra “Kəpəz”ə böyük hesabla uduzan “Turan Tovuz”la bağlı qısa zaman kəsiyində artıq neqativ atmosfer formalaşmış, tovuzluların enişə başlayacağı söhbətləri dolaşmaqda idi. Lakin son turda qazanılan qələbə komandanı yenidən avrokuboklara əsas iddiaçılar sırasına yüksəltdi.
XX turun daha bir diqqətçəkən oyunu “Sabah” azarkeşləri önündə “Sumqayıt”la matçda xal itirməsi oldu. “Bayquşlar” daha üstün oynayan tərəf olsa da, qapıya düşmək mümkün olmadı. İlk hissədə dirəkləri tuşlayan “Sabah”lılar fasilədən sonra da bir neçə şans yaratsa da, qol vurmaq mümkün olmadı. Maraqlı məqamladan biri də odur ki, Premyer Liqanın bombardiri Coy-Lens Mikels (8 qol) görüşə ehtiyat oyunçular skamyasında başladı və sona yaxın meydana çıxdı. Bombardirin mühüm oyunda ehtiyatda qalması anlaşılmaz məqamlardan idi.
“Sumqayıt” isə əzmkar futbolu ilə nəticə əldə edə bildi. İndiki məqamda “kimyaçılar” üçün qazanılacaq hər xal qələbəyə bərabər kimidir. Heyətdə kifayət qədər problemlər var və baş məşqçi Vaqif Cavadov hər nə qədər bildirməsə də, məcburiyyətdən gənclərə şans verməyə başlayıb. Düzdür, gənclərin futbolumuza qazanılması baxımından müsbət addımdır. Lakin təcrübəsi aşağı olan gənclərlə komandanın hara qədər irəliləyə biləcəyi sual altındadır.
Mövsümün ən uğursuz komandalarından olan “Neftçi” isə növbəti məğlubiyyətini yaşadı. Qış fasiləsindən sonra əvvəlcə “Sabah”a xal itirən “ağ-qaralar” son turda isə “Araz-Naxçıvan”la bacarmadı. Oyun baxımından da axsayan paytaxt təmsilçisinin avrokuboklar arzusu çempionat yolundan mümkünsüz görünür. Qarşıda uzun marafon var, lakin indiki məqamda sərgilənən performans gələcəyə ümid vermir. Komandanın əsas hədəfi ölkə kubokunu qazanmaq və yeni mövsümdə avrokuboklarda mübarizə aparmaqdır.
Turnir cədvəlinin sonucusu “Səbail” “Kəpəz” üzərində qələbə qazanmaqla bir pillə irəlilədi. Cavid Hüseynovun yetirmələri fasilədən sonra ən yaxşı nəticə ilə diqqət çəkən kollektivlərdəndir. Bölgə təmsilçisi “Şamaxı” isə “Zirə”yə müqavimət göstərsə də, oyunçularının fərdi bacarıqları daha yaxşı olan “qartallar” meydanı qələbə ilə tərk etdi.
Premyer Liqada mövsümün sonuna 16 tur var və istər avrokuboklar uğrunda mübarizə, istərsə də, elitada qalmaq savaşında gərginlik getdikcə daha artacaq.
Şahin Cəfərov