“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”ı məğlub edib – 2:1.
Bölgə təmsilçisinin futbolçusu Faiq Hacıyev “FutbolPress“ə müsahibəsində oyunla bağlı fikirlərini bölüşdü:
– “Qarabağ”la çətin səfər görüşündə son dəqiqələrdə geridönüş etdiniz. Fikirlərini bilmək istəyirdim…
– Oyun gözlədiyimiz kimi ağır keçdi. Həftə ərzində matça hazırlaşmışdıq və şükürlər olsun, nəticə istədiyimiz kimi oldu.
– 90-cı dəqiqəyə qədər geridə idiniz. Bu anlarda belə xal və ya xallar qazanacağınıza inanırdınız?
– Əlbəttə, futbolda sona qədər mübarizə aparmaq lazımdır. Birinci qoldan sonra özümüzə inamımız artdı və qələbə qolunu vura bildik.
– Birinci qolunuz zamanı rəqib qapıçı Şahruddin Məhəmmədəliyevə müdaxilə etdiyin iddia edilir. Oyunsonrası konfransda Qurban Qurbanov da qolun qaydalar çərçivəsində vurulmadığını deyib…
– Cərimə sayılacaq bir müdaxiləm olmamışdı. Belə bir şey olsaydı, VAR da müdaxilə edərdi.
– Qələbənizə kölgə salındığını düşünürsünüz?
– Düşünmürəm. Bəlkə də, bu epizod bizim qapımızda olsaydı, biz də belə reaksiya verərdik.
– Növbəti tur “Səbail”lə oyun var. “Qarabağ” üzərində qələbə eyforiya yaratmayacaq?
– Xeyr. Belə oyunlardan sonra digər matçlara köklənmək çətin olur. Çalışacağıq ki, problem olmasın. Oyuna maksimum güclə hazırlaşacağıq.
– “Səbail” qış fasiləsindən sonra ardıcıl iki oyunu qazanıb. Autsayderlər qrupunda yer alan komanda ilə matçda xal itkisi sizinçün faciə sayılmayacaq?
– Çempionat elə davam edir ki, hər komanda bir-birindən xal ala biləcək gücdədir. Oyuna maksimum yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.
Şahin Cəfərov