Bakıda itirilən şans

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubuna uduzub – 2:3. Azərbaycan təmsilçisinin bununla da sona bir tur qalmış növbəti mərhələyə yüksəlmək şansı qalmayıb.

Bu mövsüm turnirdə Bakıda keçirdiyi 4 oyunu da uduzan “atlılar” ümumilikdə 7 oyunda cəmi 1 qələbə qazanıb. 36 komanda arasında 33-cü olan “atlılar” Liqa mərhələsində mübarizəni dayandıracaq.

FCSB ilə görüş son şans idi. Qazanılacaq qələbə ümidləri sonuncu tura daşıyacaqdır. Düzdür, şanslar cüzi idi, amma yox deyildi. Hər bir halda, “Qarabağ” oyuna arzulu başlayan tərəf idi. Erkən qola sevinən “atlılar” daha sonra rəqibin hesabı bərabərləşdirməsinə baxmayaraq, önə keçməyi bacarmışdı. Lakin fasiləyə saniyələr qalmış rumınların vurduğu qol hesabı yenidən tarazlaşdırdı, həm də “Qarabağ”a neqativ təsir etdi. İkinci hissədə daha çox irəli atılan təmsilçimiz olmasına baxmayaraq, rəqib daha bir standart vəziyyətdən fərqlənməklə Bakıdan üç xalla ayrıldı.

Komandanın əsas hücumçusu Juninyonun “Flamenqo”ya transferindən sonra indiki məqamda qol yükü Nəriman Axundzadənin üzərindədir. Gənc forvard təcrübəsizliyinin acısını yaşayır və kifayət qədər effektiv ola bilmədi. Hücumla yanaşı, müdafiədə də problemlər var. Rumıniya təmsilçisi bir neçə dəfə irəlidə boşluq yaxalasa da, oyunçular dəqiq ola bilmədi. 3 künc zərbəsindən 3 qol vuran FCSB “ikinci mərtəbə”də daha yaxşı tərəf olduğunu göstərdi.

“Qarabağ” Liqa mərhələsindəki sonuncu oyununu Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.