Rumıniyanın “Styaua” komandası sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyundan öncə baş tutan mətbuat konfransında Rumıniya təmsilçisinin futbolçusu Coyskim Dava iştirak edib. O, matçla bağlı gözləntilərini bölüşüb:
“Biz diqqətimizi sabahkı oyuna yönəltmişik və bu yarışda daha da irəli getmək istəyirik. Müsbət nəticə haqqında düşünürük, bura qələbə üçün gəlmişik, çox vacib matç olacaq. Qələbə qazansaq, irəliləyə bilərik”.
O, ilk “8-liy”ə düşərək növbəti mərhələyə vəsiqə qazanmağın vacibliyini vurğulayıb:
“Bu, arzu deyil, ən yaxşı səkkiz komandanın arasına düşmək bir məqsəddir. Hər oyun haqqında fərdi düşünürük, hələlik bu oyunu, sonra liqa oyunu və yalnız bundan sonra “Mançester Yunayted” oyunu haqqında düşünürük. Biz bura yaxşı nəticə əldə etmək üçün gəlmişik”.
28 yaşlı müdafiəçi matçın favoritinin “Qarabağ” olduğunu bildirib:
“Qarabağ”ın çoxlu yaxşı oyunçuları var, yaxşı komandadırlar, nəzarətdə olmağı, topa sahib olmağı xoşlayırlar. Bu, ciddi qəbul etdiyimiz komandadır. Biz favorit deyilik, məncə onlar favoritdirlər. Çünki onlar öz meydanında oynayırlar, baxmayaraq ki, turnir cədvəlində geridədirlər. Amma bizim də şanslarımızın az olduğunu düşünmürəm, diqqətimizi matça yönəldirik”.