“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında sabah “Styaua”ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– İlin ilk Avroliqa oyunudur. Bilirik ki, istəkli komandaya qarşı oynayacağıq. Avroliqada çox yaxşı oyunlar və nəticələr qazanmış komanda ilə üz-üzə gələcəyik. “Styaua” öz ciddiliyi ilə seçilir. Vacib mübarizəyə hazırlaşmalıyıq, demək olar, hazırıq. Azarkeşlərimiz üçün yaxşı futbol göstərməyə və nəticə qazanmağa çalışacağıq.
– Heyətdə itkilər var. Sabah hansısa dəyişikliklər edəcəksiniz?
– Ciddi dəyişiklik olmayacaq. Bütün futbolçularla eyni məşq edir, düşündüklərimizi meydanda göstərməyə çalışırıq. Ola bilər, xırda dəyişiklik olsun. Yəni, ya hücumun başlamasında, ya da qurulmasında. İllərdir hansı sistemdə oynayırıqsa, onu yaxşılaşdırmağa çalışırıq. Sabahkı oyunda səhvləri təkrarlamamalıyıq. Çünki rəqib xırda səhvləri bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Çalışacağıq ki, öz oyunumuzu daha yaxşılaşdıraq.
– Rəqib klubun rəhbəri Cici Bekali sizə qalib gələcəklərini deyib. Buna münasibətiniz nədir?
– Hər rəqibin rəhbəri və ya məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də qələbə qazanmaq istəyirik. Belə açıqlamaya normal yanaşıram.
– Rəqibin olduğu mövqe sizi təəccübləndirir?
– “Styaua”nın nəticələri normaldır. Göstərdiyi oyuna, məsuliyyətinə görə layiqli nəticələri var.
– “Styaua”nın ən güclü tərəfi hansıdır?
– Futbol kollektiv oyunudur. Bunu təkmilləşdirmək istənilən komanda, məşqçi üçün çətindir. Rəqibin üstün cəhəti odur ki, həm müdafiədə, həm hücumda hamı çox sadə və kollektiv oyun intizamını qoruyur.
– Klubun sahibi Abdolbari Gözəlin vəfat etməsi komandaya necə təsir edib?
– Ağır itkidir. Ümumiyyətlə, klub və Azərbaycan futbolu üçün bu insanı itirmək ağırdır. Mənim, klubun üstündə böyük haqqı var. Çünki etdiyi hər addımı düşünərək edirdi. nun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ biz bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin.
– Avropa Liqasında “24-lüy”ə düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandada psixoloji təsir edir?
– Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Etdiyimiz kiçik uğurlardır. Onları etmək asan deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil
– Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?
– Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçulara hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq.
– Baş məşqçi kimi Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Regekampfın komandalarına qarşı oynamısız. Hansı məşqçini daha güclü sayırsız?
– Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, hər birinin futbolda böyük imzası var və onlara uğurlar arzulayıram. Sadəcə kimi üstün tuturam deyə bilməyəcəyəm.
– Uzun illərdir ki, “Qarabağ”a rəhbərlik edirsiz. Rumıniyada isə klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən maksimum 2 il işləyir məşqçilər. Rumın məşqçilərə məsləhətiniz nə olardı?
– Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam(gülür).
Şahin Cəfərov