Transferlər gecikir – APL klublarının qış hazırlığı başa çatdı

Azərbaycan Premyer Liqasında II dövrə start götürüb. Klublar təxminən iki həftəlik qış hazırlığından sonra yenidən çempionata başlayıb.

Bu dəfə əvvəlki illərdən fərqli olaraq toplanış müddəti qısa idi və “Turan Tovuz”dan başqa bütün komandalar ölkə daxilində qalmağı seçdi. Bakı, Qəbələ, Şamaxıda toplanış keçən kollektivlər fasilədən maksimum yararlanmağa çalışıb.

Qış hazırlığı ilə yanaşı, qış transfer dönəmi də başlayıb. Buna baxmayaraq, klublar aktivlik nümayiş etdirmir, transferdə sakit qalmağı üstün tutur. 10 komandadan yalnız “Şamaxı” çox transferlər gündəmdədir. Ayxan Abbasovun yetirmələri 7 oyunçu ilə güclənib. Onların 4-ü legioner, 3-ü yerlidir. Yerli oyunçular isə gənclərdir. Transfer bazarında aktiv görünən “Şamaxı”nın hansı performansı sərgiləyəcəyi maraqla gözlənilir.

İndilik transfer dönəminin mühüm hadisəsi “Qarabağ”ın hücumçusu Juninyonun “Flamenqo”ya keçididir. Daha öncə adı İspaniyanın “Sevilya” klubu ilə hallanan, lakin ölkəsinin klubuna “hə” deyən Juninyo bir müddət Avropa mediasının da gündəmini zəbt etməyi bacardı.

“Sabah”, “Neftçi”, “Zirə”, “Araz-Naxçıvan” hələlik susqunluğunu qoruyur. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kollektivlərin hər biri güclənmək niyyətindədir. Lakin hələlik ciddi transfer gündəmi yoxdur. Oturuşmuş heyəti olan komandalar ən yaxşı halda, 1 transferlə dönəmi qapamaq istəyir. Qış fasiləsində keyfiyyətli oyunçu gətirmək çətin məsələdir.

Transfer dönəminin başlanması ilə legionerlərin Azərbaycana gəlişi davam edir. Klublar oyunçu seçimində daha çox əcnəbilərə üstünlük verir və bu, yerli oyunçuların “bazardan” kənarda qalması ilə nəticələnir. Premyer Liqada legioner limitinin ləğvi gündəmdədir və görünən odur, komandalar artıq yeni mövsümə də hazırlığına başlayıb.

Limitin ləğvi gəncləri kənarda saxlayacaq və saysız-hesabsız keyfiyyəti sual altında olan legionerlərin axını başlayacaq. Bunun qarşısını almaq çətin məsələdir və burda əsas məsuliyyət klubların üzərinə düşəcək. Yerli oyunçular maksimum çalışmalı və legionerlərdən daha yaxşı olduqlarını göstərməlidir ki, əsas heyətə düşə bilsin. Əks halda, legioner dalğasının artması və yerlilərin şansının azalması milli komandanın nəticələrinə təsirini göstərəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.