Yeni strategiya və hədəflər reallıqla nə dərəcədə uzlaşır?!

AFFA-nın ölkə futbolunun növbəti mərhələsi üçün açıqladığı Yeni İnkişaf Strategiyası futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkdi.

Təbii, ölkə futbolunda bundan sonra planlaşdırılan hədəflər və görüləcək işləri səbirsizliklə gözləyirik.

Yeni hazırlanan strategiyada demək olar, hər xırdalıqlar ölçülüb-biçilib və daha sonra nəticəyə gəlinib. Lakin önəmli olan qeyd olunan problemlərin və ya hədəflərin ardınca gedilməsi yolunda şəffaflığın təsdiqini tapmasıdır. Belə ki, sabiq AFFA prezidenti Rövnəq Abdullayevin dönəmində də 2021-2025-cil illəri əhatə edən inkişaf strategiyası hazırlanmış, və sözügedən planlamada “Şəffaflıq və Ədalət” ölkə futbolunun yüksək dəyərləri kimi göstərilmişdir. Lakin strategiyanın əsas prinsipi sayılan şəffaflığı, həmin dönəmdə görməkdə çətinlik çəkdik. Həmçinin keçmiş rəhbərliyin qarşıdakı 5 il üçün 50 süni və 2 təbii ot örtüklü meydançanın yaradılması barədə qəbul etmiş olduğu hədəflər də özünü doğrultmadı. Bütün bunları yazaq köhnə rəhbərliyin ayağına…

Rövşən Nəcəfin rəhbərliyi ilə yeni hazırlanmış strategiyaya hansı tərzdə yanaşılacağı zaman keçdikcə aşkar şəkildə özünü göstərəcək.

Strategiyada toxunulan önəmli məqamlardan biri də kütləvi futbol infrastrukturunun əlçatanlığının artırılmasının nəzərə alınmasıdır. Bu məqsədlə 5.3.1.2-ci bənddə qeyd olunur:

“Futbol məşqlərinin və yarışlarının keçirilməsi üçün ölkə ərazisində mini meydançaların sayını artıraraq 400-ə çatdırmaq. Məşqlərlə və yarışlara daha geniş kütlənin cəlb olunması, habelə istedadlı oyunçuların inkişaf etdirilməsi üçün şərait yaratmaq məqsədilə hər bir meydança təxminən 10 məktəbə yaxınlıqda yerləşdirilməlidir”.

Öncəliklə, futbolun kütləviliyini artırmaq üçün məktəblərdən başlamaq doğru seçimdir. Bu məqsədlə də mini meydançaların sayının artırılması düzgün strategiyadır. Lakin qeyd olunan məsələdə 10 məktəbin yaxınlığında bu meydançaların inşa olunması, Bakı şəhərinin baş planındakı sıxlığa görə çətin görünür. Bunu yalnız sıxlıq qrafiki az olan bölgələrdə, rayonlarda həyata keçirmək mümkündür. Ancaq bu proyektin əhalinin daha sıx və kompakt yaşadığı yerlərdə gerçəkləşdirilməsi daha keyfiyyətli olar. Bu məsələdə Təhsil Nazirliyi aktivlik göstərməlidir.

Daha bir önəmli məqam peşəkar klubların sponsorluq gəlirlərinin artırılması ilə bağlıdır. Strategiyanın 4.2.1.1-ci maddəsində həm kiçik-orta sahibkarlıq subyektlərini, həm də iri şirkətləri sponsorluğa cəlb etmək üçün müxtəlif məbləğlərdə sponsorluq paketlərini yaratmaq nəzərdə tutulur. Yenə də günümüz futbolunun reallığını nəzərə aldıqda, bu hədəfin reallaşdırılması çətin görünür. Hazırki yüksək liqada elə komandalarımız var ki, yalnız AFFA tərəfindən ayrılan vəsaitlə özünü dolandırır. Bir neçə il ərzində həmin komandalara sponsorluq məsələsində heç bir yardım edə bilməyən rəhbərlik bundan sonra nə edə bilər? Sahibkarları zorla ölkə futboluna dəstək olmağa dəvət etmək olmur… Ölkənin ən böyük 2-ci şəhərinin komandası “Kəpəz” neçə ildir ki, sponsorsuzluqdan fəryad edir. Onun timsalında da daha bir neçə komanda. Hansı ki, nə normal təlim-məşq bazaları, nə də ev oyunlarını keçirəcəkləri stadionları var. Amma nə fayda? Düşünürəm ki, yeni hazırlanan startegiyada ölkə reallığından kənar bir sıra çətin hədəflər diqqətə alınıb. Ancaq kütləviliyi artırmaq məqsədiylə məktəblərlə və universitetlərlə daim əlaqədə olmağı təmin etmək və populyarlığı artırmaq məqsədiylə beynəlxalq səviyyəli yarışların keçirilməsini ölkədə təşkil etmək alqışlanası nüanslardandır. Çünki hazırki dönəmdə tələbələrdən başqa ziyalı və dünyagörüşlü insanların futbola axın etməsi nəticəsində ancaq ölkə futbolunun inkişafına şahidlik edə bilərik. Yəqin strategiyanı hazırlayarkən sahibkarların cəlbi mexanizmi ölçülüb-biçilib…

Yeni strategiyada təhlil ediləcək mövzular çoxdur. Ümid edək ki, köhnə rəhbərlikdən fərqli olaraq, şəffaflığın və ədalətin söz ilə deyil, əməl ilə də icrasını görəcəyik. Bunun fonunda strategiyanın qarşıya qoyduğu hədəflərin ən azından 80 faizinə nail ola bilərik.

Mirkamal Kazım