AFFA-nın yeni İnkişaf Strategiyası açıqlanıb. Strategiyada hədəflər müəyyənləşdirilib və görüləcək işlər qeyd edilib.
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında strategiya haqda fikirlərini bölüşdü:
“Yeni strategiya ilə bağlı nə deyim? Nə strategiyadır? Yazılanlar əvvəl də yazılmamışdı? Hansı bənddə yenilik var? Yeni nə gördük? Əvvəl də deyilirdi gənclərlə iş, futbolun inkişafı, mütəxəssislərin yetişdirilməsi və s. Strategiyanın belə olmasını gözləmirdim.
Bir yol xəritəsi seçilməyib. Tək AFFA ilə məsələ bitməməlidir. Yerli icra orqanları, bələdiyyələr, nazirlik də bura daxil edilməli idi. Rayonlarda meydançalar yoxdur. Bəzi yerlərdə uşaqlar oynamaq üçün top tapmır, hansı inkişafdan söz gedə bilər? Bələdiyyələr şadlıq saraylarına, mərasim evlərinə yer tapır, lazım gələrsə ticarətləri ilə də məşğul olurlar. Bəs stadionlara, uşaqlar üçün meydançalara nə üçün yer tapılmır? Yeni strategiya əhatəli olmalı idi, belə “sağlıq” formasında yox. Bunlar sadəcə arzu ola bilər, çünki seçilən hədəflər üçün bir yol xəritəsi yoxdur. Milli komandanın reytinqdə 75 komanda arasına düşməsi hədəf qoyulub. Yaxşı bəs necə? Hansı yolla, nə işlərlə? Buna görə də sadəcə arzudur bunlar”.
Funksioner yeni strategiyanın gözlənildiyimi kimi olmadığını vurğuladı:
“Prezidentin də imzası ilə komissiya yaradılmalı, qurumlar ora daxil olmalı idi. Regional futboldan söz açılır. Regional Futbol Federasiyası var, açın nizamnamələrinə baxın, burda yazılanlar orda da olacaq. Bəs hansı işlər görüldü? Buna strategiya demək olmur. Strategiya geniş anlayışdır. Dövlət proqramı yaradılmalı, qurumlar ora daxil edilməli və hər kəs iş görməli idi. İşlərlə bağlı mətbuat da tez-tez məlumatlandırılmalıdır. Yoxsa belə yazılır, nə olsun? Əvvəlki strategiyalarda da bunlar var idi. Mütəxəssislərin yetişdirilməsi qeyd olunub. Əvvəl yox idi? Kim bunu saldı strategiyaya? Belə olacağını heç gözləmirdim. Düşünürdüm ki, bəlkə bu dəfə yaxşı nəsə ola. Bölgələrdə futbolu inkişaf etdirmək deyilir, amma kəndlərdə uşaqların futbola marağını artırmaq üçün iş görülmür. Qonşu kəndlərin uşaqları bir-biriləri ilə rəqabətdə olmalıdır ki, maraq yaransın uşaqda. Amma bizdə heç top tapmayanlar var.
Bu məqamda legioner limitinin də ləğvi gündəmdədir. Bu, yerli oyunçulara, milli komandaya birbaşa zərbədir, futbolumuza xəyanətdir. Nə deyəcəyimi bilmirəm, əfsuslar olsun. Bu strategiya deyil, sadəcə söz toplusudur, başqa heç nə”.
Şahin Cəfərov