Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi gündəmdədir. Məsələ ilə bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
“Şamaxı”nın əvəzedici komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev “FutbolPress“ə açıqlamasında məsələ haqda fikirlərini bölüşdü:
“Limitin ləğvi futbolumuza nə verir? Aşağı yaş qruplarına baxaq, məsələn, U-19 liqasına baxaq. “Sabah”, “Qəbələ”də legioner oyunçular var. Bunun komandaya necə təsir etdiyini görürəm. Onlar səviyyənin qalxmasında rol oynayır. Bizim yerli oyunçularımızın 90 faizi demək olar, Avropa futbolu görmür. Onlar nələrin tələb olunduğunu bilmirlər. Lakin bu legionerlərin ifasında səviyyəni görəndə bizim uşaqlar da onlara baxıb, öyrənməyə can atırlar. Məsələn, “Sabah”, “Qəbələ”yə qarşı oynayanda uşaqlara legionerləri misal çəkirəm ki, görün necə aktivlikləri, top çevirmələri var. Bu baxımdan aşağı yaş qruplarında belə legionerlərin olması inkişafa təsir edir.
Limitin ləğvi Premyer Liqa klublarının ustalığına təsir edəcək. Yəni, hamı çalışacaq ki, legioner gətirsin. Keyfiyyətli əcnəbilərin çempionata gəlişi səviyyəni artıra bilər. Səviyyənin qalxması nəyə xidmət edir? Artıq Avropaya çıxan klublarımız sözünü deməlidir. Çünki baxın, Avropada oynayan komandalarımız demək olar, ancaq legionerlərlə matça çıxır. Lakin son illərə baxsaq, “Qarabağ”dan başqa beynəlxalq arenada uğur qazanan yoxdur. Klubların səviyyəsi artsa belə, limitin ləğvi bizə xeyir gətirməyəcək”.
Uzun müddət keçmiş “Bakı” Futbol Akademiyasında çalışan mütəxəssis komanda sayının artırılmasının zərurətindən də söz açdı::
“Klublarda üstünlük legionerlərə veriləndə imkanı yaxşı olanlar əcnəbiləri daha çox gətirəcək. Bundan sonra yüksək məbləğli əcnəbilər də gələ bilər, bu fonda çempionatın səviyyəsi artacaq. Amma bu olsa, yerli oyunçuların oynaması şansı minimum olacaq. Azərbaycanlı futbolçuların oynayacağı bir komanda olmalıdır. 10 komandanın hamısında azı 10 legioner var, ən zəifində belə. Bu da bir heyət deməkdir. Limitin ləğvi zamanı artıq komanda sayının artırılması zərurəti yaradır. Çünki imkanlı klub legioner gətirəcək, imkanı aşağı olan yerlilərə üstünlük verəcək. Belə komandaların üz-üzə gəlməsi yerlilərin inkişafına da təsir edə biləcək. Lakin nəzərə alaq ki, milliyə də yerli oyunçular çağırılır. Zəif komandada olan yerli oyunçularda stabillik olmayacaq və bunun yığmaya təsiri olacaq. Ümumiyyətlə, təhlillərdən sonra aydın olur ki, limitin ləğvi futbolumuz üçün əhəmiyyətli olmayacaq”.
Şahin Cəfərov