“Sumqayıt” bu gün qış təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan”la yoldaşlıq görüşü keçirib.
Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb. “Kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra klubun saytına açıqlama verib:
“Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq. Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu. Bununla belə futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi. Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcəklər”.
Qeyd edək ki, mövsümün ilk yarısından sonra “Sumqayıt” Azərbaycan Premyer Liqasının turnir cədvəlində 20 xalla 6-cı sırada qərarlaşıb.