Limitin ləğvinə ehtiyac var?

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi gündəmdədir. Məsələ ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.

Bir müddətdir mövzu ətrafında mütəxəssislər dindirilir, müxtəlif fikirlər irəli sürülür. Bəs, indiki məqamda limitin ləğvi inkişafa təsir edəcək?

Premyer Liqada hazırda limit “7+4″dür. Yəni, komandalar heyətlərində 7 legioner, 4 yerli oyunçu oynatmalıdır. Premyer Liqada şəraiti olan klublar legionerlərə üstünlük verir, transferlərini əsas bu istiqamətdə aparır. Bir müddətdir başlayan transfer dönəmində də artıq çempionata yeni əcnəbilərin gəlişi başlayıb.

“Turan Tovuz” Anton Kraçovski, “Səbail” isə Marko Nikoliç və İnnosent Nşuti kimi legionerləri heyətlərinə cəlb edib. Hansı ki, Kraçovski bu mövsüm klubu “Dinamo”da (Mahaçqala) cəmi 4 oyun keçirib. Öz klubunda şans qazanmayan futbolçu Azərbaycana üz tutub. Digər maraqlı məqam isə “Səbail”in ruandalı hücumçusu İnnosent Nşuti ilə bağlıdır. Karyerası ərzində cəmi 3 qol (2-si millidə, 1-i klubda) vuran forvard “Səbail”ə necə kömək edəcək?

Daha əvvəl də belə saysız-hesabsız legionerlərin yolları Azərbaycandan keçib. Əvəzedici komandalarda özünü göstərən yerli və gənclər isə kənarda qalmaqdadır. Fikirlər var ki, limitin ləğvi yerli oyunçuların xaricə yollanmasına səbəb olacaq. Bəs, hara gedəcəklər? Avropanın TOP-5 klublarından Premyer Liqaya maraq yoxdur. Son illərdə gedilən ölkələr Litva, Albaniya, Türkiyədir. Orda da uğurlu olanların sayı demək olar, yoxa bərabərdir. Hazırda Türkiyədə I Liqada Coşqun Diniyev (“Bandırmaspor”), Vüsal İsgəndərli (“Boluspor”), Həsən Nəzərov (“Ankarügücü”), Albaniyada Zamiq Əliyev (“Eqnatiya”) top qovur. Türkiyədə Coşqun, Albaniyada isə Zamiq daha çox şans qazananlardır. Almaniya II Bundesliqasında “Nürnberq”də top qovan Mahir Emreli də qeyri-stabil performansı ilə yadda qalır. Hər bir halda, tarix azərbaycanlı oyunçuların Avropada istənilən dərəcədə uğurlu olmadığını göstərir.

İndiki məqamda limitin ləğvi yerli oyunçuların xaricə üz tutmasına deyil, daha çox klubsuz qalmasına səbəb olacaq. Yeni mövsümdən komanda sayının artırılması da müzakirə olunur. Lakin bu məqamda da yerli oyunçuların legionerləri daha çox olan komandalara qarşı hansı səviyyədə mübarizə apara biləcəyi də sual altındadır. Pozitiv düşünsək, limitin ləğvi eyni zamanda yerli oyunçularda oynamaq arzusunu artıra və bunun da müsbət təsirləri ola bilər. Hər bir halda, veriləcək qərarların hansı formada təsirlərinin olacağını zaman göstərəcək.

Şahin Cəfərov