Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda qəbul edilən qərarlara, əsasən, I Liqada ən çox cərimə edilən klub “Difai” olub. Ağsu təmsilçisi ümumilikdə 600 manat cərimələnib. Klubun cəzalandırılması isə aşağıdakı səbəblərə görə baş tutub:
24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 63-cü dəqiqəsində “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Difai” klubu 50 manat cərimə edilir (maddə 36.5);
24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 73-cü dəqiqəsində “Difai” komandasının 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Difai” klubu 150 manat cərimə edilir (maddə 39.1);
24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Difai” komandası 400 manat cərimə edilir (maddə 61.6).
“Difai”nin prezidenti Asəf Məlikov cərimələrlə bağlı fikirlərini “Futbolpress”ə açıqladı:
“Əgər protokolda olmayan futbolçu meydandadırsa, günahı məndədir. Məsuliyyəti kənar heç kimin üzərinə atmaq istəmirəm. Oyunçumuza verilən qırmızı vərəqəyə gəlincə, məncə, düzgün qərar deyildi. Çünki top bizim futbolçuda idi. Rəqib isə yaxşı simulyasiya edərək, özünü yerə atdı. Bu da futbolun ayrılmaz hissəsidir. Təkcə, bizim ölkədə deyil. Elə 2002-ci ildə keçirilən Dünya Çempionatı zamanı Braziliya millisinin futbolçusu Rivaldo Türkiyəylə matçda da simulyasiya ilə yadda qalmışdı. Gördüyünüz kimi dünya şöhrətli oyunçular belə bu cür yollardan istifadə edir.
Klub rəhbəri fasilə zamanı transferlərlə bağlı da düşüncələrini paylaşdı:
“Bizdə bütün transfer məsələləri baş məşqçinin öhdəsinə buraxılıb. Region Liqasından bu yana belə olub. Bizə təmənnasız olaraq kömək edən Füzuli Məmmədovla baş məşqçimiz Xəqani Məmmədov bu barədə məsləhətləşdikdən sonra qərarlarını verəcəklər. Komandada kimin qalacağına və ya kimin gedəcəyinə ancaq məşqçilər qərar verir. Hələ ki, mənə hər hansı siyahıyla yaxınlaşmayıblar. Yəqin ki, bu istiqamətdə hazırlıqlarını davam etdirirlər”.
Mirkamal Kazım