Aslan Kərimov: “Bəzən çəkilən xətlərin meqapikseli futbolçudan daha böyük görünürdü”

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısı yekunlaşdı. Komandalar artıq qış fasiləsinə yollanıb və bir neçə günlük istirahətin ardından hazırlıqlara başlayacaqlar.

Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında mövsümün ilk yarısını dəyərləndirdi. O, “Araz-Naxçıvan”la “Turan Tovuz”un bu dövrədəki fəaliyyətini müsbət qiymətləndirdi:

“Təəccübləndirici oyunlar az oldu. Çempionat başlayanda da “Qarabağ”ın ilk pillədə yer alacağı şübhə doğurmurdu. Ən təəccübləndirici məqamlardan biri isə müsbət mənada “Araz-Naxçıvan”ın 2-ci yerdə olmasıdır. “Neftçi”nin axırdan 3-cü olması isə gözləmədiyimiz bir şey idi. Maddi durumuna, potensialına görə çempionat başlayanda bu komandanın ən azından ilk “beşlik”də olacağı gözlənilirdi. Amma məşqçi dəyişikliyindən sonra “Neftçi”nin yuxarı pillələrə qalxacağı şübhə doğurmur. “Araz-Naxçıvan”la yanaşı “Turan Tovuz” da mövsümün ilk yarısını yaxşı başa vurdu”.

Təcrübəli mütəxəssis çempionatın iddialı komandalarından gözləntilərini də bölüşdü:

“Yerdə qalan komandalarda təəccüblü bir şey olmadı. “Zirə”nin ilk pillələrdə olacağı açıq-aşkar bilinirdi. “Sabah”a gəlincə, məşqçi dəyişikliyi reallaşdı. Bir neçə uğurlu oyunlar oynanıldı. Ancaq “Şamaxı” məğlubiyyəti fasilə zamanı komandada bir çox nöqsanların olduğunu göstərdi. Avropaya çıxmaq uğrunda mübarizə aparırlarsa, Vasili Berezutski heyətinə əl gəzdirmək məcburiyyətindədir. “Sumqayıt” da elə gözləntilərə uyğun olaraq çempionatın ortabab sıralarında qərarlaşıb”.

Kərimov, autsayder komandalarla bağlı fikirlərini belə izah etdi:

“Son pillələrdə qərarlaşan “Kəpəz” və “Səbail”in də vəziyyəti gözlənilən idi. Çünki transfer pəncərəsində aktiv olmayan komandaların aşağı pillələrdə qərarlaşması təəccüblü deyil. “Şamaxı”ya gəldikdə, bəzi oyunçularının komandadan xaric olması, göründüyü qədəriylə müsbət təsir edib. Onlar bəzən məğlub olduqları oyunda heç Ayxan Abbasovun komandasına oxşamırdılar. Komanda daxili bəzi məqamlar buna təsir edirdi”.

Futbol veteranı ilk yarıdakı məşqçi dəyişikliklərinə toxunaraq, hakim səhvləriylə bağlı düşüncəsini də gizlətmədi:
“Birinci yarı əsasən məşqçi dəyişiklikləriylə yadda qaldı – “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Sabah” və “Kəpəz”. Ümid edək ki, komandalardakı bu dəyişikliklər çempionatın sonuna qədər öz effektini verəcək. Bəzi oyunlarda hakim səhvləri özünü göstərdi. Xüsusən də ofsayd məqamlarında. Həmin zaman ofsayd xətləri nə dərəcədə düzgün çəkildi, bilmirəm. Çünki bəzən çəkilən xətlərin meqapikseli futbolçudan daha böyük görünürdü. Ümdi edək ki, ikinci yarıda buna diqqət yetirəcəklər. Hesab edirəm ki, bu fasilədən sonra komandalar çox dəyişiləcək. Dəyişikliklər olan komandalarda isə yeni transferlərin olacağı mütləqdir. Hətta “Qarabağ” da yeni transferlər etmək məcburiyyətindədir”.

Mirkamal