Tovuzda xallar bölündü, Bayılda qonaqlar qazandı

Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir. Bu gün daha iki görüş baş tutacaq və çempionatda I dövrəyə yekun vurulacaq.

Artıq bəzi komandaların qış fasiləsinə neçənci sırada yollandığı dəqiqləşib.

XVIII turda “Zirə”yə məğlub olan “Səbail” dövrəni sonuncu sırada bitirib. “Dənizçilər” “zirzəmi”dən çıxmağa cəhd etsə də, güclü “Zirə”nin müqavimətini qırmaq mümkün olmadı. Ümumiyyətlə, Bayıl təmsilçisi bu mövsüm ən zəif təsir bağışlayan komandadır. Yeni baş məşqçi Cavid Hüseynov da nəyisə dəyişə bilməyib və komanda turlardır, qələbəyə həsrət qalıb. “Zirə” isə ardıcıl qələbələrlə üçüncü pilləyə yaxınlaşıb. Rəşad Sadıqovun yetirmələri 30 xalla 4-cü sıradadır və “Turan Tovuz”dn 2 xal geri qalır.

“Zirə”nin qələbələri ilə yanaşı, tovuzluların da xal itkiləri fərqin azalmasına səbəb oldu. “Turan Tovuz” dünən “Neftçi” ilə matçda daha yaxşı oynayan tərəf olsa da, şansların boşa verilməsi yekunda 1 xalın əldə edilməsi ilə nəticələndi. Xüsusilə, oyunun sonlarında epizodların sağa-sola xərclənməsi komandanı üç xaldan etdi.

“Neftçi” isə yaxşı oynamasa da, Tovuzdan xalla döndü. “Ağ-qaralar” son turlarda oyun baxımından zəif çıxış etsə də, xallar qazanmağı bacarır. Tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar” qış fasiləsinə 17 xalla 7-ci sırada yollandı. Lider “Qarabağ”dan 27, üçüncü “Turan Tovuz”dan isə 15 xal geri qalan paytaxt təmsilçisi üçün fərqi qapamaq çətin olacaq. Avrokuboklara vəsiqə arzusunda olan “Neftçi”nin fasilədə heyət baxımından ciddi dəyişikliklərə ehtiyacı var.

Şahin Cəfərov