“Çempionatda “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur”

“Qarabağ” Azərbaycan Premyer Liqasında qış fasiləsinə bir tur qalmış dövrə çempionluğunu təmin edib. Qurban Qurbanovun yetirmələri 17 turdan sonra 44 xalla liderdir və ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 5 xal qabaqlayır.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında “Qarabağ”ın qış çempionluğu haqda fikirlərini bölüşdü:

“Qarabağ”ın qış çempionluğu gözlənilən idi. Reallıqdır ki, hazırda Azərbaycan çempionatında onlarla rəqabət apara biləcək komanda yoxdur. Bəzən 2-3 cəbhədə mübarizə apardığı üçün rotasiyalar edilir və xal itkiləri yaşanır. Klublarımız hardasa onlardan xal ala bilir. Bəzi turlarda belə hallar olur. Lakin sonda “Qarabağ” həm qış, həm yay çempionluğunu əldə edir. Komandanın formalaşmış heyəti, sistemi, məşqçilər korpusu var”.

Mütəxəssis komandanın hücumçusu Juninyonun adının “Sevilya” ilə hallanmasına da münasibət bildirdi:

“Juninyoya dəvət gəlməsi sevindiricidir. Çünki komandanın Avropada göstərdiyi performans marağa səbəb olub. Artıq hər il “Qarabağ”ın bir futbolçusunun Avropaya getdiyini görürük. Bu dəfə “Sevilya”dan təklif gəlib. Bu, Juninyo üçün sevindiricidir. “Qarabağ”ın hansı qərarı verəcəyini bilmirəm. Lakin onlar həm maliyyəni, həm də imicini düşünəcək. Juninyo “Sevilya”ya getsə, uğurlu olacağını düşünürəm”.

Şahin Cəfərov