“Sabah” Azərbaycan Premyer Liqasının XVII turunda “Araz-Naxçıvan”a qalib gəlib – 1:0.
“Bayquşlar” baş məşqçi postuna Vasili Berezutskinin təyinatından sonra çempionatda 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. “Sabah”ın müdafiəçisi İqor Noqeyra “FutbolPress“ə açıqlamasında “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi:
“Çətin oyun keçdi. Rəqibin yaxşı formada olduğunu bilirdik. Yaxşı qələbə oldu. Bizimçün vacib qələbə idi. Bu, növbəti oyunlaröncəsi komandaya əlavə motivasiya verəcək”.
İqor rusiyalı mütəxəssis Vasilinin təyinatından sonra komandadakı dəyişiklikdən söz açdı:
“Vasili gəlişi ilə bəzi anlayışları bizə daha aydın ifadə etdi və qələbələr gəlməyə başladı. Yaxşı işlərin nəticəsi dərhal olmur, zaman lazımdır. İndi düşünürəm ki, artıq irəli getməyin vaxtıdır. Yaxşı yerlərdə olmaq üçün potensialımız var və bunu bacaracağımıza inanıram”.
Noqeyra mövsümün əvvəlində “Sabah”a keçib. O, Azərbaycan Premyer Liqası haqda fikirlərini bölüşdü:
“Gəldiyim gündən hər şeyi müsbət qiymətləndirmişəm. Çox çalışıram və komandama kömək etmək istəyirəm. “Sabah”da olmaqdan məmnunam və xoşbəxtəm. Premyer Liqada yaxşı rəqabət var. Burda qələbə mentalitetin varsa, böyük nailiyyətlər əldə edə bilərsən”.
Müdafiəçi sonda komandanın hədəflərindən söz açıb:
“Avrokuboklar haqda danışmaq tezdir, qarşıda uzun mövsüm var. Lakin məqsədimiz bəllidir və bunun üçün çalışırıq. İnanıram ki, birlikdə hədəflərimizə çatacağıq”.
Şahin Cəfərov