“Neftçi”nin futbolçusu Yuri Matiasın “FutbolPress“ə müsahibəsi:
– “Kəpəz”lə oyunda çətin qələbə qazandınız (2:1). Oyun haqda fikirlərini bölüşərdin…
– Danışılası çox şey yoxdur. Vacib qələbə qazandıq. İndi vəziyyətimiz yaxşı deyil və biz qələbəni qeyd edə bilmərik. Hələ də problemlərimi var.
– “Neftçi” tarixinin ən pis dönəmini keçirir. Vəziyyətdən necə çıxmağı düşünürsünüz?
– Öz adımdan danışıram, komandanın belə pis vəziyyətdə olmasına görə çox utanıram. Danışacaq nəsə yoxdur. Çalışmalı və yaxşı olmalıyıq.
– Nəticələrin belə olmasında futbolçular da günahlandırılır. Ən çox tənqid olunanlardan biri də sənsən…
– Razıyam, tənqidləri qəbul edirəm. Hədəf olmağımda problem görmürəm. Çünki bu komandanın lideri kimi məsuliyyəti üzərimə götürməliyəm. Azarkeşlər emosionaldır və onlar əsəbləşə bilər, biz yox. Onlar da yaxşı nəticələr istəyirlər. Onu deyə bilərəm ki, “Neftçi”yə gəldiyimdən bəri sevildiyimi düşünürəm və meydanda bütün gücümü qoymağa çalışıram.
– Növbəti matç “Turan Tovuz”la olacaq və bu görüş sizin avrokubok mübarizəsinə qoşulma şansınınız qalması adına vacibdir…
– Çətin oyun olacaq. Əvvəlki görüşlərdən daha fərqli yanaşmalı və meydana qələbə üçün çıxmalıyıq.
– Lider oyunçu olduğunu bildirdin. Azarkeşlərə nə söz verə bilərsən?
– Onlara bizi çətin vəziyyətlərdə də dəstəklədikləri üçün təşəkkür edirəm. Xahiş edirəm ki, hər zaman dəstəklərini göstərsinlər. Ümid edirəm ki, tezliklə onları sevindirə biləcəyik.
– Müqavilən mövsümün sonunda başa çatır. Klubu tərk edəcəyinlə bağlı iddialar var. Bunlar nə dərəcə realdır?
– İndi bu haqda danışmaq üçün düzgün vaxt deyil. Hansısa klubdan təklif almamışam. Daha əvvəl də başqa ölkələrdən seçimlərim olub, amma hər zaman ailəmlə məsləhətləşib, qərar vermişəm. Gələcəkdə necə olacağını görəcəyik. Hər bir halda, “Neftçi” azarkeşləri hər zaman qəlbimdə qalacaq.
Şahin Cəfərov