Fərid Qayıbov: “İnanıram ki, yaxşı nəticələr davam edəcək”

Azərbaycan Şahmat Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib.

Futbolpress.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ölkəmizdə şahmat yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib:

“Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi. Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə Olimpiada oldu. Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Qadın şahmatçılarımızın şansı olsa da, təəssüf ki, alınmadı”.

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin ölkə şahmatı üçün maraqlı keçdiyini vurğulayıb. O, Azərbaycan çempionatlarında bütün şahmatçıların çıxışının məcburi olacağını deyib. Məmmədovun sözlərinə görə, növbəti seçimədək Azərbaycan millisinin üzvlərinə tutduqları reytinqə uyğun olaraq təqaüd ayrılacaq. AŞF rəhbəri eyni zamanda 2024-cü ildə yeniyetmə şahmatçıların çıxışından razı qalmadığını söyləyib.

Gənclər və idman naziri Fərid Qayıbov da ilin Azərbaycan şahmatı üçün uğurlu alındığını bildirib. O, Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı olmasını 2024-cü ilin ən yaddaqalan və unudulmaz hadisələrindən biri kimi dəyərləndirib:

“Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü. Bu, illərlə görülən işlərin nəticəsidir. Şahmat ailəsi hər zaman bərabərdir. Federasiya hərtərəfli və düzgün çalışır. Ənənəvi yarışlarımız keçirilir, beynəlxalq turnirlərə ev sahibliyi edirik. Hər dəfə müxtəlif yaş qruplarında nəticə olur. Bu da bütün bölgələrdə bu idman növünə göstərilən qayğı, dövlətin dəstəyinin nəticəsidir. İnanıram ki, yaxşı nəticələr davam edəcək. Biz nazirlik olaraq federasiyanın işindən razıyıq”.

Daha sonra Azərbaycan şahmatçılarının il ərzində iştirak etdiyi beynəlxalq yarışlarda əldə etdiyi uğurlarla bağlı videoçarx nümayiş olunub.

Sonda Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlı qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyeva və V Avropa Universitet Oyunlarında rapid turnirində birinci, blitsdə isə ikinci yeri tutan Vüqar Manafovla Elmar Atakişiyevə təşəkkürnamə və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Ayan hazırda ölkədə olmadığına görə mükafat anası Gülşən Allahverdiyevaya verilib.