“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan çempionatları tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, o, İFFHS-in (International Federation of Football History & Statistics) siyahısına düşmək üçün zəruri olan 660 quru dəqiqə səddini geridə qoyub.
Onun Misli Premyer Liqasındakı quru seriyası XVII turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.
Oktyabrın 26-da XI turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra Avram ardıcıl 6 görüşü quru keçirib. O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.
XVII turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla Avramın seriyasını qırıb.
Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci quru seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.