Səhvlərlə gələn qələbə

“Neftçi” Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”i məğlub edib – 2:1.

“Neftçi Arena”da iki fərqli hissə keçdi. Oyunun startında üstünlüyü ələ alan və rəqibin fərdi səhvləri ilə qol imkanları yaradan “ağ-qaralar” iki qol vurmağa müvəffəq oldu. Hər iki qolda “Kəpəz”in futbolçularının müəyyən qədər “əməyi” oldu. Qapıçı Rojerio Santosun səhvindən sonra önə keçən “Neftçi” nisbətən rahatlaşdı. Qonaqlarda isə həyəcan hiss olunurdu. Qolun şokundan ayıla bilməyən gəncəlilər birinci hissədə demək olar, saysız-hesabsız ötürmə səhvlərinə yol verirdilər. Bu, müəyyən qədər təzyiqdən irəli gəlirdi. Buna baxmayaraq, fasilədən sonra toparlanan və oyunu ələ alan “Kəpəz” fərqi azaltdı, daha bir neçə real qol şansı yaratdı.

Birinci hissədə “Kəpəz”, ikincidə isə “Neftçi” cəbhəsindən kifayət qədər səhvlərə yol verildi. “Ağ-qaralar”da qapıçı Emil Balayev iki ciddi səhvə yol versə də, etdiyi qurtarışlarla komandasının qələbəsində böyük rol oynadı.

Nəticə “Neftçi” üçün yaxşıdır, lakin sərgilənən oyun hələ ümid vermir. Komanda oyunun müəyyən anlarında yaxşı futbol nümayiş etdirsə də, bəzən də çox zəif təsir bağışlayır. İkinci hissədə bütün üstünlüyü rəqibə verən “Neftçi” üçün qazanılan üç xal psixoloji durumun düzəlməsi adına faydalı olacaq. Turnir cədvəlində bir sıra irəliləyən “Neftçi”də xüsusilə, heyətlə bağlı dəyişikliklər vacibdir. Hücum xəttində axsayan “ağ-qaralar”ın keyfiyyətli mərkəz forvardına ehtiyac var. Dembo Darbo və Yeqor Boqomolski gözləntiləri qarşılamır. Avrokubok mübarizəsinə qoşulmaq hədəfində olan “ağ-qaralar” üçün qış fasiləsi və ediləcək transferlər həlledici olacaq.

“Kəpəz” isə ikinci hissədə sərgilədiyi oyunla müsbət fikirlərə layiqdir. Lakin birinci yarıdakı texniki səhvlər komandanın məğlubiyyətinə səbəb oldu. Elitada qalmaq üçün mübarizə aparan “Kəpəz” autsayder “Səbail”dən bir xal öndədir. Gəncə təmsilçisinin növbəti rəqibi “Sumqayıt” olacaq. “Neftçi” isə “Turan Tovuz” səfərinə yollanacaq.

Şahin Cəfərov