Rəşad Sadıqov: “Bizi finala bərabər oyun gözləyir”

Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Hər iki komanda üçün ağır oyun keçdi. Oyunun belə olacağını bilirdik və buna görə hazırlaşırdıq. Bilirdik ki, rəqib pressinq edib, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadır. Bu komponentlərdə çox yaxşı idik, çox yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. “Turan Tovuz”un təhlükəli oyunçuları var və bir çox oyunlarda qol epizodları yaradıblar. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da “Turan Tovuz”un kompakt oyunu, müdafiə xəttinin inamlı oyunu imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu. Ona da qolkiperləri imkan vermədi. Hesab da bərabərə bitdi. Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Biz də “ölüm-dirim” mübarizəsi aparan “Səbail”lə qarşılaşacağıq. Özü də səfərdə. Bu oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq.

– “Səbail”lə oyunun çətin keçməsi nə ilə əlaqədardır?

– Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur. Ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz kimi olmasın. Ən azından oyuna yanaşmamız, meydandakı mübarizəmiz yüksək səviyyədə olmalıdır.

– Bəyəndiyiniz və komandada görmək istədiyiniz oyunçu var ki, qışda ona dəvət göndərərsiz?

– Daxili çempionatda hər bir komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdur. 

Şahin Cəfərov