Vacib oyunda itirilən xallar

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Elfsborq”a məğlub olub – 0:1.

İsveçdə baş tutan oyundan öncə “atlılar”ın heyətində itkilərlə bağlı problemlər var idi. Xüsusilə, müdafiənin mərkəzində Bəhlul Mustafazadə və Kevin Medinanın yoxluğu təsirsiz ötüşmədi.

“Elfsborq” bu mövsüm avrokuboklarda evində məğlubiyyətsizlik seriyasını davam etdirdi. İkinci hissənin əvvəlində isveçlilər təzyiqini artırmaqla istədiyi qolu vurdu və bundan sonra müdafiədəki intizamlı oyunları ilə aktivlərinə üç xal yazdırdı. “Qarabağ” bu mövsüm avrokuboklarda ən zəif oyunlarından birini keçirdi. Hücumda effektivlik yarada bilməyən “atlılar”ın bir-iki epizoddan artığına gücü çatmadı.

İsveç təmsilçisi kompakt müdafiə olunmaqla demək olar, boşluq vermədi. Yaxalanan boşluqlar isə dəyərləndirilmədi. “Qarabağ” avrokuboklarda mövsümün ən vacib oyununu uduzdu. Qarşıda iki tur var, lakin şanslar “atlılar”ın öz əlində deyil. “Qarabağ” növbəti matçda qələbə qazansa belə, rəqiblərin xal itirməsini gözləyəcək.

“Qarabağ” sona iki tur qalmış 36 komanda arasında 3 xalla 33-cü sıradadır.

Şahin Cəfərov