Mingəçevirdə futbol: dünən və bu gün

Mingəçevir futbol ənənələri olan bölgələrimizdəndir. Ötən əsrin sonlarına yaxın komandaları və oyunçuları ilə Azərbaycan futbolunda adından söz etdirən şəhərdə indi bu sahədə eniş hiss olunur. Durğunluq dövrünü yaşayan Mingəçevirdə ilk futbol klubu “Toxucu” olub.

Mingəçevirdə ilk peşəkar klub “Toxucu” olub. Buna qədər şəhərdəki müxtəlif zavodlarla bağlı yaradılan komandalar olduğu üçün futbolun bu bölgədəki tarixi 1966-cı ildən başlayır. Mingəçevir futbolu ilə bağlı burda bir neçə klubda top qovan və Azərbaycan futbolunda əvəzsiz xidmətləri olan Ramiz Məmmədovla söhbətləşdik. Məmmədov Mingəçevirdə futbolun yaranmasından danışdı:

“İlk peşəkar klub “Toxucu” olub. Həmin vaxt biz uşaq idik, amma böyük marağımız var idi. Hər kəs idmanla yaşayırdı, futbol çox sevilirdi. Bundan sonra Bakıdakı “Avtomobilçi”ni bura gətirdilər. Mingəçevirdə futbol digər idman növləri kimi çox sevilirdi. Romensk, Elsevər, Şahin müəllim və s. var idi. Dünya şöhrətli olan Romensk idi. Qəhrəman Əliyev, Nadir Qasımov da var idi. Kimlərin adını çəkmədim, yəqin məni bağışlayarlar, unuda bilərəm. Xatırlayıram, 16 yaşımda mən də ilk dəfə “Avtomobilçi”də oynamışam. Rəhmətlik Anatoli Banişevski məni ora dəvət etdi. “Toxucu” Azərbaycanda futbolu, futbolçuları ilə möhürünü vurub. Banişevski “Avtomobilçi”ni gücləndirmək üçün yenə işlər görüldü. Ümumiyyətlə, Mingəçevir idman şəhərdiri. Vüqar Ələkbərov kimi boksçumuz, bundan başqa avarçəkənlərimiz, cüdoçularımız olub. Burda idmana böyük maraq var idi deyə, klub verirdilər. Biz uşaq idik, oyunlarda kənarda topdaşıyan olurduq və bununla fəxr edirdik. Hamının arzusu oyunları izləmək idi. Təsəvvür edin, stadionda yer olmurdu deyə, ağacların, kol-kosun yanından baxırdıq”.

Məmmədov Mingəçevirdə futbolun sevilməsindən, yaranan klublardan və inkişaf üçün görülən işlərdən söz açdı:

“Bütün gənclər futbol arzusu ilə yaşayırdı. Şükürlər olsun, biz də burda olduq. Telman Bəkirov, Ənvər müəllim, Baba müəllim və digərlərinin böyük rolu olub idmanın inkişafında. İllər keçdikcə futbol da sürətlə inkişaf edirdi. Hərbi xidmətə gedib qayıdandan sonra “Avtomobilçi” yox idi və yeni klub – “Kür-Nur” yaradıldı. Akif Zeynalov var idi, Məhəbbət Qarabağlı da “ispolkom” idi. Qayıdandan sonra komandanın kapitanı oldum. Gənc olsam da, uşaqlar arxamda idi. O vaxt icra hakimiyyətləri yeni yaradılırdı. Getdim Məhəbbət müəllimin yanına və danışdıq. Sağ olsunlar, məni qəbul etmişdilər. Allah onlara rəhmət etsin. Futbolumuzdakı çətinlikləri danışdım və kömək etməklərini istədim. Maliyyə dəstəyimiz az idi. Zavod idarəçiləri arasında iclas təşkil olunvu və bizi də dəvət etdilər. Orda dedilər ki, komandamıza kömək etməliyik, bu, bizim borcumuz idi. O vaxt polis rəisinin müavini Elsevər müəllim idi. Mingəçevir hotelinin müdiri Yusif müəllim də orda idi. Həmin dövrdə təxminən 1 günün içində yadıma gəlir, 250-300 min dollar arası pul yığıldı. O vaxt Mingəçevirdə 1500 dollara iki otaqlı ev almaq olurdu. Yavaş-yavaş hər kəs ayağa qalxdı və yardım etdi. Məhəmmədtahir müəllim var idi, klubumuza onu prezident seçdilər. Və bütün maliyyə məsələlərinə cavabdeh o olacaqdı. Məşqə də gəlib tanışlıq etdilər. Mingəçevir futbolunun yenidən inkişafı həmin vaxtdan başladı. Uşaqların kimisinə maşın, kimisinə ev, kimisinə pul verildi. Beləcə maraq daha da artdı. Bundan sonra iki dəfə çempionatda final oynadıq. Ümumiyyətlə Mingəçevirdə həmişə idmana sevgi böyük olub. Nə qədər istedadlı futbolçularımız Azərbaycan futbolunda sözünü deyiblər”.

Mütəxəssis son illərdə bu şəhərdə futbolun durğunluq dövrünü yaşamasına da toxundu:

“XXI əsrin əvvəlindən artıq eniş başladı. Maliyyə zəifləyəndən sonra bir çox futbolçumuz komandanı tərk etdi və bu da başadüşülən idi. Süleyman müəllim var idi, icra başçımız. Nizami Qocayev var idi, şəhərimizin polis rəisi və klubun fəxri prezidenti idi. Bu insanlar öz vəsaitləri hesabına komandaya yardım edirdilər. Uşaqlarımız da İkram Baxşəliyev, Mehan Baxşıov, Zaur Qaralov, Bəxtiyar Sadıqov, Yaqub İsmayılov və s. Bu uşaqlar çox vaxt pulsuz oynayıb. Çünki futbolu sevirdik, azarkeşlərimizin məyus olmağını istəmirdik. Aylarla maaş almadığımız da olmuşdu. Elbrus İsmayılov, Elşad Kərimov, Samir Ələkbərov, Musa Qurbanov, Azad Mütəllimov, Musa Qurbanov kimi oyunçularımız da var idi. Bunlar hamısı digər şəhərlərdə yaşayanlar idi və dəvət etmişdik. Amma bir məqam gəldi ki, getməyin lazım olduğunu düşündük və getdik. Bizdən sonra gənclərdən Ruslan Həmidov qaldı. İndi də qapı-qapı gəzir, kluba dəstəkçi axtarır. Belə insanlar Azərbaycan futboluna lazımdır. Çox çalışır, istəyirlər ki, komandanı yaşatsınlar”.

“Mingəçevir” futbol klubu hazırda Azərbaycan I Liqasında mübarizə aparır. Komanda 8 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb. Məmmədov bölgə klubunun indiki vəziyyətini şərh etdi:

Əfsuslar olsun ki, komanda indi layiq olduğu yerdə deyil. Mingəçevir idman, futbol şəhəridir. Bura dəstək, qayğı lazımdır. Hər zaman demişəm ki, Mingəçevir Azərbaycanın Antalyasıdır. İndi də uşaqlarla öz aramızda danışanda deyirdik ki, “Qəbələ”də işləyən zaman Qəbələyə qar yağanda Mingəçevirə gedirdik. Kürün kənarında gözəl meydança, hazırlaşmağa şərait var idi. Şəhər rəhbərliyi futbola diqqəti artırmalıdır. Cənab prezident İlham Əliyev idmanın inkişafı üçün demək olar, bütün bölgələrdə idman kompleksləri yaradıb. Hər kəs idman ənənəsini davam etdirməlidir”. 

Mingəçevirdə futbolun inkişafı üçün addımlar atılmaqdadır. Yerli Uşaq Gənclər İdman Məktəblərində keyfiyyətin artırılması bu minvalda görülən işlərdəndir. Eyni zamanda “Ulduzlar Futbol Akademiyasının” yaradılması gənclərin bu sahəyə marağının artmasında böyük rol oynayır. “Mingəçevir” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri və eyni zamanda “Ulduzlar” akademiyasının təsisçilərindən Elnur Qasımov da fikirlərini bölüşdü:

“Mingəçevirin I liqada oynaması yenidən uşaq futbolunda inkişafa doğru addımlamağa başlayıb. Şəhərimizdə UGİM və özəl futbol futbol məktəbləri fəaliyyət göstərir. Onlardan yeni başlayan “Ulduzlar” Futbol Akademiyasını misal göstərmək olar. Akademiya tam təmənnasız və ilkin mərhələdə yerli futbolçularla fəaliyyətə başlayıb. Əgər böyük dəstək olarsa, gələn uşaqların qalmağa yeri olarsa bu akademiyanın uşaqları milli komandada və böyük klublarda forma geyinəcək”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.