Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.
– Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?
– Yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Nəticə bizim üçün yaxşıdır.
– Gözlədiyiniz “Qarabağ”ı gördüz?
– Birinci hissədə daha yaxşı oynadıq. “Qarabağ”ın hücumlarının qarşısını ala bilirdik. Lakin ikinci hissədə alışdığımız “Qarabağ”ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.
– Komandanızın potensialı nəyə ümid etməyə imkan verir?
– Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.
– Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?
– Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, o zədələndi. Boyan Letiç bu gün çıx böyük iş gördü. Onun oyunundan razıyam.
Şahin Cəfərov