Bölgə klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunda 1/8 final və II Liqada XI turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Kuboku 1/8 final

3 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” komandası 500 manat cərimə edilir (maddə 43.7);

3 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

4 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “İmişli” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);

II Liqa XI tur

3 dekabr 2024-cü il tarixində II Liqanın XI turunun “Dinamo” – “Hypers Guba” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilir (maddə 37);

3 dekabr 2024-cü il tarixində II Liqanın XI turunun “Dinamo” – “Hypers Guba” oyununun 87-ci dəqiqəsində “Hypers Guba” komandasının 44 nömrəli futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Hypers Guba” komandası 100 manat cərimə edilir (maddə 41);

3 dekabr 2024-cü il tarixində II Liqanın XI turunun “Dinamo” – “Hypers Guba” oyununun 80-ci dəqiqəsində “Hypers Guba” komandasının heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olduğuna görə “Hypers Guba” komandasına texniki məğlubiyyət verilir (hesab 4:1 saxlanılır), “Hypers Guba” komandası 400 manat cərimə edilir (maddə 61.6);

3 dekabr 2024-cü il tarixində II Liqanın XI turunun “Şəfa” – “Ağdaş” oyununun başlanma saatını “Ağdaş” komandası gecikdirdiyinə görə “Ağdaş” komandası 150 manat cərimə edilir (maddə 60.4);

5 dekabr 2024-cü il tarixində II Liqanın XI turunun “Kür-Araz” – “Sheki City” oyununda “Sheki City” komandasının qapıçısının formasında qüsurlar olduğuna görə “Sheki City” komandası 100 manat cərimə edilir (maddə 75.4).