“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “matc.az” və “sports.az” saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib.
Futbolpress.az xəbər verir ki, bir ay əvvəl həmkarlarımızdan Baş Prokurorluğa şikayət edən və bu addımı ilə qınaq obyektinə çevrilən klub rəhbəri bu dəfə məhkəmənin yolunu tutub. Rəfiyevin bu müddət ərzində “daşı ətəyindən tökmək istəməyib Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ünvanlamasına iradımız yoxdur, yəqin ki, hüquq-mühafizə orqanlarımız ədalətli qərar çıxaracaq və söz azadlığını boğmaq istəyən birinin yersiz istəyi baş tutmayacaq.
Məsələ burasındadır ki, Riad Rəfiyev məhkəməni yanıltmağa çalışır. O, özünün “daha böyük funksioner” olduğunu göstərmək üçün məhkəməyə təqdim etdiyi şikayətində “xidmətini şişirtməkdən” çəkinməyib. “Sumqayıt”a rəhbərlik etdiyi dövrdə komandasının “Çempionlar Liqasına yüksəldiyini” qeyd edib.
Azərbaycan futbolunda bunu da görəcəkmişik. “Sumqayıt” nə yatdı ki, nə də yuxu gördü?” “Yatmağına yatıb qaldığı vaxtlar az olmayıb, amma Riad bəyin “şirin yuxu”su heç vaxt çin olmayıb axı. Bəlkə o, menecer kimi futbolçu verdiyi hansısa klubun çempionluğunu özünün, belədə həm də “Sumqayıt”ın adına çıxır? Yəqin ki, hüquq-mühafizə orqanları Riad Rəfiyevin məhkəməni yanıltmağa yönəlmiş ittihamnaməsini gözdən keçirərkən bu məqamı nəzərə alacaq.
“Matç.az” saytı bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına sorğu ünvanlayaraq ölkə futboluna rəhbərlik edən qurumlardan “Sumqayıt”ın ölkəmizi nə vaxtsa Çempionlar Liqasında təmsil edib-etməməsini dəqiqlləşdiriblər.
Cavabları nəzərinizə çatdırırıq:
AFFA: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu ölkəmizi Çempionlar Liqasında təmsil etməyib. “Sumqayıt” Futbol Klubu 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında mübarizə aparıb”.
PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.
Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb.
Beləliklə, ölkə futboluna rəhbərlik edən qurumların rəsmi cavablarından bir daha aydın olur ki, Riad Rəfiyev məhkəməyə yalan məlumat verib.