“Səbail” tragikomediyası -TƏHLİL

Dünən, “Futbolinfo.az” saytında “Səbail”in “qaranlıq xərcləri”: Müşahidə Şurasının sabiq üzvü hesabat istəyir” sərlövhəli məqalə diqqətimi çəkdi. Kifayət qədər ciddi qalmaqal motivləri olan bu məqalənin linkini qeyd edirik, özünüz detallı tanış olun .

Oxudunuz?

Gördünüzmü, ittihamçı şəxs nələr dedi…

İndi də ittihamlara cavabın olduğu linki qeyd edirik.

Cavabla da tanış oldunuz?

İndi bəzi maraqlı məqamları qeyd etməyə dəyər.

Deməli, diqqəti ən çox çəkən məqam, doğrudan da bu məsələlərin niyə məhz indi ortaya çıxmasıdır.

Görəsən, işdən çıxarılmış İxtiyar Asyabi adlı şəxsin hərəkətliliyi buyaxınlarda işdən ayrılmış baş məşqçi Şahin Diniyevin “layihəsi” ola bilərmi..?

İstisna deyil, lakin daha geniş miqyasda baxılsa, bir az da maraqlı məqamlara rast gəlmək olar.

Belə ki, adıçəkilən şəxs “Səbail”in Müşahidə Şurasında olub. Və qeyd edir ki, Firuz Abdulla icraçı direktor təyin olunandan sonra münasibətləri soyuyub. Firuz bundan əvvəl klubun MŞ-da olub, kifayət qədər böyük zamanı əhatə edən o dövrdə aralarında problem olmayıb, məhz direktor təyinatından sonra olubsa, deməli, “mətbəxdə” nələrsə ayrı temperaturlarda qaynayırmış və müşahidəçi(lər)in “qazanın” qapağını qaldırmaq istəkləri sərfəli deyilmiş.

Digər incə nüansa diqqət yetirək. İfşa niyyətilə mətbuata açıqlama verən İxtiyar bəy ASCO-nun əməkdaşıdır – klubun əsas maliyyə dəstəkçisi…

O, klubdan xaric edilsə də, şirkətdən kənarlaşdırılmayıb. Deməli, şəxsin qlobal, ciddi nöqsanı olmayıb. Şirkətdə ola-ola mətbuata çıxıb iddialı açıqlama verməsi isə bəsit məsələyə bənzəmir.
Hər halda, mövzu diqqətimizdədir və gedişatı daha səhih təhlil etməkçün bundan da geniş arqumentlər yarana bilər. Hələliksə bilinən odur ki, ortada ciddi ittihamlar var və motiv əsasən maliyyədir. Ən həssas detal…

Cavab linkinə baxanlar da sezdimi, ilk dəfə qarşılaşdığım bir haldır – açıqlamanı subyekt deyil, obyekt verir. Yəni ümumi klub adından çıxan açıqlamanın müəllifi açıqlanmayıb. Böyük ehtimalla, dərc edən KİV-dən bu formada olması xahiş edilib. Amma bu kifayət qədər ekzotik görünür. Hətta absurd…

Ortada rəqəmlərlə qeyd olunan iddialar var, lakin cavabı klubun hansısa rəsmisinin adından deyil, ümumi klub adından çıxması – klubun loqosumu danışıb, stadionumu..?

Cavabdan son cümləyə diqqət yetirək:

“Sabiq MŞ üzvünə isə bir tövsiyəmiz var: Yaxşı olar ki, həqiqətdən heç bir ölçü meyarına uyğun gəlməyəcək qədər uzaq olan absurd fikirlər səsləndirməkdənsə, hansı səbəbdən klubdan uzaqlaşdırılması barədə sualın cavabı barədə düşünsün. Axtarsa, tapar…”

Məncə, obyekt “mən” deyə bilməz, çünki onun dili yoxdur. Subyekt isə mən deyirsə, “axtarsa, tapar…” – deyirsə, adı məlum olmalıdır.

Əslində, ittihamlardan adın kimliyi məlum idi. Söhbət “Səbail”in icraçı direktoru Firuz Abdulladan gedir, hətta məlum olmasaydı belə, cavabın qeyd olunduğu mətndəki cümlələrdən bunu sezmək olardı.

Beləliklə, ortada rezonansa səbəb ola biləcək qalmaqal var. Mövzu isə, maliyyədir. Yeni AFFA rəhbərliyinin ən həssas yanaşdığı məsələ..

Olmaya, bu hərəkətlilik elə AFFA-dan doğub. Maraqlıdır ki, “Sumqayıt” da ciddi qalmaqalla üz-üzədir. Bir müddətdir ki, “sports.az” və “matç.az” saytlarının rəhbərləri Anar Şabanoğlu və İxtiyar Əsgərov klub və prezidenti Riad Rəfiyev haqda fikirlərinə görə məhkəməyə verilib. “Sumqayıt” mövzusunda da əsas motiv maliyyə iddiaları/ifşalarıdır…

Daha bir nəzərəçarpan məqamla bağlı “fanat.az”dan link təqdim edirik. Bu mətndən bir incə və maraqlı detalı qeyd etməyə dəyər:

“AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinə əvvəlcə konkret sualla müraciət etdik: “Premyer Liqa klubunda mühasib ştatının olması vacibdir?” Məmmədov əvvəl “mütləq olmalıdır” dedi, sonradan söhbətin “Səbail”dən getdiyini bilib “bir-birimizi anlamadıq” deyərək fikirlərinə düzəliş etdi”.

Sizə də elə gəlmədimi nələrsə “düz getmir”?

Ümumiyyətlə, bir şəxsi mühasib kimi işə götürmək hansısa mühasibatlıq şirkətiylə müqavilə bağlamaqdan daha korrekt fikir deyilmi? Və ya həmin şirkətin adı nədir? Və ya buna nə hacət? Və ya belə yanaşma daha uyğun, sərfəli, peşəkardırsa, məsələn, niyə “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və s. klublar bu addımı atmayıb ki…?

Kamil Əhməd