“Turan Tovuz” Azərbaycan Kubokunda mübarizəni 1/8 finalda dayandırıb. Tovuz təmsilçisi bu mərhələdə “Sabah”la dueldən məğlub ayrılıb (əsas vaxt 2:2, penaltilər seriyası 1:3).
Komandanın kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:
“Sabah”la oyunun çətin olacağını bilirdik. Çünki rəqib son oyunlarda yaxşı formada idi. İki hissədə də maraqlı oyun oldu. Qollar vurduq, qollar buraxdıq. Penaltilər seriyası isə lotoreyadır. Vura da bilirsən, vurmaya da. Kubokla vidalaşmaq istəməzdik. Ancaq qismət. İndi qarşıdakı oyunlara köklənib, bütün diqqətimizi çempionata yönəldəcəyik”.
Kapitan matçda ayağı sınan komanda yoldaşı Denis Marandiçi haqda danışdı:
“Marandiçi komandamızın əsas oyunçularından idi. Onun belə ağır zədə alması komandaya təsir etdi. Ümid edirəm ki, tez bir zamanda qayıdıb, bizə qoşular”.
Şəhriyar matçdan əvvəl penaltilər seriyasına hazırlaşdıqlarını da əlavə etdi:
“Hər kubok oyunuöncəsi penaltilər seriyasına hazırlıq olur. Yenə deyirəm, bu, lotoreyadır. Ən yaxşı penalti vuranlarımız bu dəfə dəqiq ola bilmədi. Həmin gün bu bizdə alınmadı. Qismət. İrəli baxacağıq”.
Şahin Cəfərov