Futbol batil inancların ən yayğın olan idman sahələrindən biridir. Buna inanan “Qızıl top” sahibləri də var, yarımhəvaskar futbolçu da. Hətta bizim ölkədə belə halların olduğu deyilir: Gödəkçəsinin dəyişməyən baş məşqçi, cadu basdıran çalışdırıcı və s. Ona görə də, bugünkü mövzmuz məşhur lənətlərdəndir.
Hər buraxılan qol 1 illik lənət
İl 1937… “Vasko da Qama” yağışlı bir gecədə “Andarai” ilə oyuna gedərkən yolda qəzaya uğrayır. Güclü leysan altında meydanda rəqibini gözləyən “Andarai” onlara texniki məğlubiyyət verilməsini tələb edir. Lakin bu tələb qəbul edilmir “Vasko də Qama” 12:0 hesabı ilə qələbə qazanır. Bu ağır məğlubiyyətdən qəzəblənən “Andarai”nin ehtiyat oyunçular skamyasında oturan Arubinya yağışlı bir dekabr axşamı “Vasko de Qama”nın “Sao Januaryo” stadionunun meydanına bir qurbağa basdıraraq lənətini elan edir: “Əgər göydə bir Tanrı varsa, “Vasko” 12 il boyunca çempionluq üzünə həsrət qalsın!”
Fərziyyələrə görə, “Vasko də Qama”nın uzun illər çempion ola bilməməsində bu “lənətin” təsiri olmuşdu. Braziliyada xalq arasında, yağışın gözətçisi, şərin elçisi kimi bilinən qurbağanın lənəti bu hadisəni əfsanəyə çevirmişdi. Komanda 1943 və 1944-cü illərdə ölkə futbolunun ən yaxşı oyunçularına sahib olmasına baxmayaraq çempion ola bilmir. 1943-cü ildə çempionluq kubokunu son matçda “Flamenqo”ya 2:6 hesabı ilə məğlub olaraq əldən verir.
“Arubinya lənəti”ndən qurtulmaq üçün hər cür yol sınanır, lakin heç bir nəticə əldə edilmir. Hətta komandanın keçmiş futbolçusu lənəti aradan qaldıra biləcəyini iddia edərək günlərlə meydanda qurbağanı axtarır, amma tapa bilmir. 1944-cü ildəklub rəhbərliyi və azarkeşlər traktorlarla meydanı qazaraq lənətli qurbağanı axtarırlar, lakin yenə də heç bir nəticə alınmır…
100 illik lənət
İngiltərə, 1906… Adanın köklü komandalarından “Birmingem” yeni bir stadion inşa etmək üçün işlərə başlayır. İlk olaraq, yeni stadionun yerləşəcəyi ərazidə məskunlaşmış qaraçıları uzaqlaşdıran klubun həmin gün lənətə məruz qaldığı haqda söz-söhbətlər başlayır. Əfsanələri görə, evindən məhrum edilən qaraçılar komandanın yüz il boyunca uğur qazanmayacağı üçün dua edirlər.
Həmin gündən sonra yeni stadionunda gözlədiyi uğuru heç cür əldə edə bilməyən klub, zaman keçdikcə lənəti aradan qaldırmaq üçün müxtəlif üsullara əl atır, lakin heç bir nəticə əldə edə bilmir. 1980-ci illərdə komandanın baş məşqçisi Ron Sanders meydanın işıqlandırıcı dirəklərinə xaç işarəsi asmaqdan tutmuş, futbolçuların butslarının altını qırmızı rəngə boyamağa qədər hər üsulu sınayır. Amma faydasız…
1993-1996-cı illər arasında komandanın baş məşqçisi olan Berri Fray bir din xadimindən aldığı tövsiyə ilə künc bayraqlarına təbii ehtiyacını ödəyir. Lakin bu həmlə də komandanın üzərindəki uğursuzluğu qıra bilmir.
Hakim lənəti
İl 1999… Norveçin 2-ci liqa komandalarından olan “Alta” öz meydanında “Hammerfest”i 2:1 hesabı ilə məğlub edir. Matçdan sonra baş hakim Nils Mikkel Sara onu sərt şəkildə tənqid edən “Hammerfest” rəhbərliyinə verdiyi cavabla hər kəsi təəccübləndirir. O, rəhbərliyin ondan üzr istəmədiyi təqdirdə, komandanı lənətləyəcəyini, “Hammerfest”in liqadan düşəcəyini söyləyir. Norveç dilində “Gande” adlanan bu lənət rəhbərlik tərəfindən ciddi qəbul edilmir, hətta komandanın baş məşqçisi Terye Hansen hakimlə yüngül şəkildə zarafat edir.
Lakin zaman keçdikcə komanda oynadığı hər oyunu uduzmağa başlayır. Hətta tam üstün olduqları, rəqibi əzdikləri və irəlidə olduqları oyunlarda belə qələbə qazana bilmirlər. Komandanın ruh halı ciddi şəkildə pozulur, futbolçular hakim Saranın lənətinin gerçək olduğuna inanmağa başlayır. Lakin komandanın baş məşqçisi üzr istəməməkdə israrlı olur. Həmin mövsüm “Hammerfest” oynadığı bütün matçları uduzaraq liqadan düşür…
Ağzımızdan çıxan hər bir söz lənətə çevrilə bilər. Ona görə də, bütün lənətli yerlərin düzəlməsi ümidi ilə…
Əliheydər Zeynalzadə