Vasili Berezutski: “Azərbaycan futbolu inkişafdadır”

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bugünkü oyun asan olmadı. İlk hissə daha yaxşı oynadıq. Fasilədən sonra geri çəkildik. İkinci qolu vurmalı idik. Çalışacağıq ki, daha məzmunlu oyunlar görəsiniz.

– Elvin Camalovun ehtiyatda qalması nə ilə bağlıdır?
– Elvinin oynamaması məşqçilərin qərarıdır. Rotasiyalar olacaq, yeniliklər görəcəksiniz. Bu gün də bu səbəbdən Elvin ikinci hissədə meydana daxil oldu.

– Pavel Şafranko nə üçün kapitan idi?
– Sarğı məsələsi çətin işdir. Bəzən oyunçu üçün emosional yüksəlişə səbəb olur. Buna görə sarğını Şafrankoya vermişdik.

– Komandanın potensialını necə görürsünüz?
– Potensial böyükdür. Xüsusilə, hücum xəttində. Bəzi oyun komponentlərində artırmalıyıq ki, yuxarı pillələrdəki komandalarla rəqabət apara bilək.

– Klub prezidenti deyib ki, ilk hədəfiniz komandanı toparlamaqdır. Bəs bura gəlməkdə əsas məqsəd nədir?
– Avrokuboklara vəsiqə qazanmaq.

– Kubok yolu, ya çempionat yolu ilə bunu düşünürsünüz?
– Hər variant uyğundur. Yəqin, qısa yol kubok vasitəsilədir.

– Bura gəlməzdən əvvəl Murad Musayevlə danışmısınızmı və ölkə futbolu haqda fikirləriniz necədir?
– Musayev mənə mesaj yazdı və uğurlar arzu etdi. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı çıxışını bilirdik. Musayevlə birlikdə məşqçi kurslarında olmuşuq, o vaxt da Azərbaycan futbolu haqda danışırdıq.

– Təklif kimdən gəldi və nə qədər düşündünüz?
– Təklif ani alındı və qəbul üçün böyük vaxt lazım olmadı. Bu təklifdən imtina edə bilməzdim. Burda işləmək şərəfdir.

– Azərbaycan futbolunu araşdırmısınızmı?
– Azərbaycan futbolu inkişaf edir və infrastruktura yatırımlar olunur. Hamımız bu istiqamətdə irəli gedəcəyik.

Şahin Cəfərov