Kurban Berdiyev: “Belə oyunlar birinci səhvə qədər oynanılır”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”a (0:1) məğlub olub.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Birinci hissədə mövqe mübarizələri oldu. Amma qol imkanlarımız olmadı. Oto Conun birəbir epizod istisnadır. Adətən belə oyunlar 1-ci səhvə qədər oynanılır. Təəssüflər olsun ki, həmin səhvi biz buraxdıq.
– Düşünürsüzmü ki, artıq komandalar sizə qarşı hansı tərzdə oynamaq lazım olduğunun sirrini tapıblar?
– Xeyr, elə düşünmürəm.
– Belə bir fikir var idi ki, ən bəyəndiyiniz futbolçu Tural Bayramlıdır. Ancaq onu meydanda görmürük…
– Hücum xəttindəki oyunçularımız arasında ciddi rəqabət var. Bu da rəqabətlə bağlıdır.
– “Araz-Naxçıvan” qalib gələrək, sizdən bir az da uzaqlaşdı. “Qarabağ”la paralel irəliləyir. Onlara çatmaq çətin olacaq?
– Bəli, əslində fərq çoxdur. Bu matçdan da çox şey asılı idi. Qarşıda oyunlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
– “Araz-Naxçıvan” əsasən minimal hesablarla qalib gəlir. Onların əsas gücünü nədə görürsüz?
– Yaxşı təşkilatlanmış, komandadır. Müdafiədə yaxşı oynayırlar. Əsasən də müdafiəyə ciddi fikir verirlər. Ona görə də az qol buraxırlar.

Kamal Kazım