Azarkeş kimi də yetişməliyik

“Qarabağ” yaxşı oynasa da, “Lion”a 1:4 hesabıyla uduzdu. Böyükhesablı məğlubiyyətin iki əlaməti qabarıq sezilirdi; rəqibin ustalıq səviyyəsinin daha yüksək olması və “atlılar”ın şanssızlığı. 

İndi Avropa Liqasında liqa mərhələsini keçmək müşkülə çevrildi. Belə desək, AL-in yeni reqlamenti təmsilçimizə düşərli olmadı.

Bir məqam da sezilir. Sanki “Qarabağ” rəqibi ilk oyunda “oxuyub”, ikincidə məğlub edə bilirdi.

Bütün bu amillər Azərbaycan futbolunun səviyyəsindən söhbət açmağı, qınamağı labüd edir. Lakin bunu o qədər edirik ki, zəhlətökən əzbərə çevrilib.

Bu dəfə toxunmaq istədiyim məqam azarkeşlərlə bağlıdır.

“Lion” ikinci qolu vurandan sonra tribunalardan “qopub düşən” azarkeşlərin hərəkətliliyi dördüncü qoldan sonra lap sürətləndi. Demək olar, stadionda çox az adam qalmışdı.

Məğlubiyyəti alqışlamaq, dəstəkləmək olmur, bu, anlaşılandır. Lakin bizimki bu şablona, zərurətə, reallığa aid deyil. Bizimki istisnadır. Biz “Qarabağ”ın necə bir istisna olduğunu qəbul etmiriksə, yaxud anlamırıqsa, 1-2 qol buraxan kimi narsistcəsinə stadionu tərk ediriksə, deməli, şikayət etdiyimiz futbolumuzdan yaxşı deyilik.

Azarkeş kimi də yetişməliyik…

Elçin Cəlilov