Üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatı start götürüb.
Futbolpress.az xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən turnirdə 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı gücünü sınayacaq.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterfley üsullarda mübarizə aparacaqlar.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarış 4 gün davam edəcək.
Çempionatda Gürcüstanın “Tbilisi” komandasının idmançıları da çıxış edəcəklər. Açılış mərasimi noyabrın 28-də, saat 09:45-də başlayacaq.