“Sabah”da təəccüb doğuran təyinat – Berezutski ilki yaşayacaq

Krunoslav Renduliçi istefaya göndərən “Sabah”ın sükanı rusiyalı mütəxəssis Vasili Berezutskiyə tapşırılıb. 42 yaşlı məşqçi ilə 2,5 illik müqavilə imzalanıb.

Premyer Liqada çətin dönəmlər keçirən “futuristlər”də təyinat təəccüb doğurdu. Bunun üçün bir neçə faktor var.

İlk növbədə Berezutski karyerasında birinci dəfə bir komandada baş məşqçi olacaq. O, daha əvvəl Niderlandda “Vitess”, ölkəsində ÇSKA, “Krasnodar”da köməkçi məşqçi funksiyasını daşıyıb. Vasili son olaraq isə Çində “Şanxay Şenhua”da rusiyalı Leonid Slutskinin köməkçisi olub. Məşqçi karyerasında ancaq köməkçi funksiyasında olan birinin “bayquşlar”ı çətin situasiyadan necə çıxaracağı maraq doğurur.

Premyer Liqada son 7 oyunda qələbə qazana bilməyən “Sabah” avrokubok zonasından geri qalmaqdadır. Vasili üçün Azərbaycan yeni ölkədir və uyğunlaşma üçün zaman tələb edəcək. Qış fasiləsinə 4 tur qalıb və gedişatın necə olacağı maraq doğurur. Ardıcıl xal itkiləri narazılıqları və məşqçi üzərində təzyiqi artıracaq.

Daha əvvəl ancaq rusiyalı həmkarlarının yanında işləyən Vasili təyinatı görünür, əvvəldən planlaşdırılmışdı. Yoxsa eyni gündə baş məşqçi dəyişikliyinin açıqlanması nadir hallarda görünən məsələdir. “Sabah” rəhbərliyinin öncədən mütəxəssislə anlaşdığı dəqiqdir. Bəs, Renduliç Tovuz səfərində qələbə qazansaydı necə olacaqdı? Berezutskidən imtina ediləcəkdi, ya növbəti xal itkisini gözləmə mərhələsi başlayacaqdı?

Kamil Əhməd