“Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb. Xorvat mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 51 yaşlı məşqçi 2024-cü ilin martından “bayquşlar”a rəhbərlik edirdi.
“Sabah” mütəxəssisin rəhbərliyi altında 29 oyuna çıxıb. Bu görüşlərdə 13 qələbə qazanan “futuristlər” 9 oyunda məğlub olub, 7 dəfə heç-heçə edib. Renduliçin “Sabah”da qazandığı xalların ortalaması 1,59-dur.
İlk mövsümündə komandanı avrokuboklara yüksəldən və çempionatda bürünc medal qazandıran Renduliçin növbəti “futbol ili” uğurlu alınmadı. Çempionatda bu mövsüm 14 oyunda 4 qələbə qazanan və 3 dəfə uduzan “bayquşlar” 19 xalla 5-ci pillədə qərarlaşıb.
Renduliçlə yolların ayrılmasına səbəb komandanın uğursuz çıxışıdır. Premyer Liqada ardıcıl 7 oyundur, qələbə qazana bilməyən “bayquşlar”ın qeyri-qənaətbəxş çıxışı mütəxəssisin vidası ilə nəticələnib.
Kamil Əhməd