Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” – “Zirə” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Olduqca maraqlı matçın şahidi olduq. Stadion möhtəşəm idi. Həm hava şəraiti, həm də ot örtüyü yaxşı idi. Demək olar ki, ilk dəqiqələrdən dominantlıq bizdə idi. Sadəcə 60-70-ci dəqiqələr arasında dominantlığı rəqibə verdik. Bunu təhlil edəcəyik. Demək olar ki, qapımıza vurulan hər 3 zərbədən 2-si qol olur. Ümumən isə komandamdan razı qaldım.
– Oyundan sonra azarkeşlər Qisməti yanlarına çağırıb nələrsə söylədi. Azarkeşlərin nə dediklərini bildiniz?
– Ümumən götürdükdə uzun illərdir ki, azarkeşlərlə bir yerdə qət etmişik bu yolu. Aralarında nə söhbət olub bilmirəm. Amma hər hansı bir ideyasını, məsləhətini bildirə bilərlər. Normal qarşılayaram.
– Sanki komandaya nə isə olub. Yaydakı “Zirə”ni görə bilmirik…
– Demək olar ki, bu sual hər məğlubiyyətimizdən sonra verilir. Halbuki məğlub olduğumuz matçlarda da üstün tərəf olmuşuq. Ancaq təhlillər aparırıq. Sadəcə yayla müqayisədə sanki daha uğursuz alınır. Məsələn, rəqiblərimizin qapımıza hər bir həmləsi qolla nəticələnir. Bizdəysə fərqlidir. Ancaq ötən mövsümlə müqayisədə bu mövsüm daha hücuma meylli yaxşı “Zirə” görürük. Hətta bu gün meydandakı hər 3 mərkəz müdafiəçimiz hücuma meyllidir. Böyümək üçün bunlar lazımdır. İndi çətin perioddan keçirik. Hücumda daha dəqiq və müdafiədə də daha etibarlı olsaq, inşallah ki, qarşımıza qoyulan hədəfə çata biləcəyik.
– Bu gün Qurban Qurbanov bildirdi ki, milliyə gətirilib-gətirilməməyimlə bağlı mənə sual verməyin. Ancaq sizin fikirlərinizi bilmək istərdim ki, milli komandanın İsveçə darmadağın olaraq D Liqasına düşməyini necə qarşıladız? Həm də kuluarlarda səs-soraq dolanır ki, milliyə yerli mütəxəssis gətirmək isəyirlər. Sizə belə bir təklif olarsa, getməyə hazırsız?
– Təbii olaraq, millimizin məğlubiyyətinə üzgünük. Amma bu haqda geniş danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. Ancaq ümumən mən bu il millidə görülən işlərlə bağlı ümidliyəm. Lakin detallara varmaq istəmirəm.
– Yerli oyunçu limitiylə bağlı nə qədər çətinlik çəkirsiz?
– Yerli oyunçuların zədələnməsiylə bağlı ciddi sıxıntılarımız var. “Qarabağ”la görüşdə 4 yerli futbolçumuz birdən zədələndi. Demək olar ki, Qismət bu gün məşq edib oyuna çıxmışdı. Çempionatda zədəlilərin olması işimizi çətinə salır ki, necə rotasiyalar edək. Hazırda əlimizdə 5-6 keyfiyyətli yerli futbolçularımız var.