“Sumqayıt” Premyer Liqada 13 turdan sonra 13 xalla 7-ci sırada qərarlaşıb. “Kimyaçılar”ın legioneri Kristian Velinovski “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:
“Komandanın yaxşı oynadığını düşünürəm. Düzdür, turnir cədvəlində bir az aşağıdayıq, amma yuxarılara qalxmaq potensialımız var və bunun olacağına inanıram. Yeni baş məşqçi gəlib və böyük dəyişiklik olmasa da, komandada canlanma var”.
Ötən il Azərbaycan Kubokunda “Lerik”lə matçda ayağı sınan və uzunmüddət yaşıl meydanlardan uzaq qalan cinah oyunçusu indi “Sumqayıt”ın əvəzedici komandası ilə oyuna çıxır. Futbolçu “dubllar”la oynamasını belə izah etdi:
“Mənim işim futbol oynamaqdır. Əvəzedici komandada fiziki gücümü bərpa etməyə çalışıram. Düşünürəm ki, burdakı matçların mənə faydası olub”.
Velinovski komandanın çalışdırıcısı Vaqif Cavadovla klubdakı taleyi haqda danışdığını bildirdi:
“Oynamaq istəyirəm və bununçün çalışıram. Cavadovla danışmışam və indi detalları söyləmək istəmirəm. Gələcəkdə necə olacağını görəcəyik”.
Velinovski bu mövsüm Premyer Liqada 2 oyunda şans qazanıb.
Şahin Cəfərov