UEFA Millətlər Liqasının C Liqasında mübarizə aparan Azərbaycan milli komandası səfərdə İsveçə məğlub (0:6) olaraq bundan sonrakı mübarizəsini D Liqasında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Fernando Santuş darmadağından sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu günə qədər onsuz da qələbə qazanmamışıq. Amma hər dəfə deyirsiniz ki, düzgün yoldayıq. Bizim düzgün yolumuz budur?
– Xeyr, bugünkü oyun, bizim yolumuz deyil. Bəli, bu günə kimi baş tutan matçlardan sonra deyirdim ki, düzgün yoldayıq. Amma indi bunu deyə bilmərəm. Oyunun bütün məsuliyyəti mənim üzərimdədir.
– Futbolçular meydana sanki uduzmuş vəziyyətdə çıxmışdılar… Oyun başlayandan elə görünürdü ki, futbolçuların dizləri əsir. Bu oyunçulardan bəziləri “Qarabağ”ın heyətində Avropanın tanınmış klublarına qarşı çıxış ediblər və tam da yaxşı formada özlərini göstərirlər. Sanki psixoloji cəhətdən komanda bu görüşə hazır deyildi…
– Belə deməzdim. Çünki, bu oyuna yaxşı hazırlaşmışdıq. Seçdiyimiz strategiya rəqibi analiz etdikdən sonra verdiyimiz qərar idi. Bilirdik ki, rəqibin çox güclü hücumçuları var. Biz də buna uyğun olaraq üçlü mərkəz müdafiəçisi oynadırdıq. Matça yaxşı başlamadıq. Tez qollar buraxdıq. Nəticədəysə, heç bir dəyişiklik edə bilmədik və məğlub olduq. Bizim də hücum xəttimizdə 2 sürətli oyunçuya şans vermişdim ki, bundan istifadə edə bilək. Ancaq olmadı. Bütün məsuliyyəti üzərimə götürürəm.
– “Bruno Parkano” akademiyasının 2 yetirməsi bir oyunda millimizin qapısına 6 qol vurdu. Bilirik ki, siz də Azərbaycandakı uşaq və gənc futbolunj izləyirsiz. Həmçinin DÇ-2028-in qrup məehələsinə vəsiqə qazanacağınızı deyirsiniz. Siz həqiqətən də həmin potensialı aşağı yaşlarda görürsüz, yoxsa söz gəlişi deyirsiz?
– Sadəcə söz demək xətrinə söz demirəm. Həmişə nə düşünürəmsə, onu da danışıram. Bu oyun mənim üçün bir dərs olmalıdır və bundan nəticə çıxartmalıyam. Elə bir məşqçi deyiləm ki, məğlubiyyəti kimlərinsə üstünə atım.
– Doğrudur, milli komandanın baş məşqçisisiz. Amma bizim qədər ölkə futbolumuzu tanımırsız. Çünki siz 5 aydır buradasız, bizsə illərdir ki, bunun içindəyik. Məhz bugünkü oyundan sonra düşünmürsüz ki, çox böyük xəyallara, illuziyalara qapılıbsız və hətta bizləri də bu nağıllara inandırmağa çalışırsız?
– Xeyr, kimisə belə şeyə inandırmağa çalışmıram. Sadəcə onu deyə bilərəm ki, nəyisə dəyişə biləcəyimizə inanıram. Belə matçları unutmaq olmaz. Sadəcə nəticə çıxarıb, nələrin üzərində işləyəcəyimizə diqqət yetirməliyik.
– Biz də həmin boşluqları gördüyümüz üçün bu sualı verdim…
– Belə oyunları izah etmək həm məşqçi, həm də futbolçular üçün çətindir. Sadəcə düzgün analiz aparıb, nəticə çıxartmaq lazımdır.
– D Liqasınına düşməmək üçün qələbə qazanmalıydıq. Amma bu gün həmin motivasiyanı oyunçularda görmədik. Oyuna çıxmazdan əvvəl futbolçulara nə söyləmişdiz?
– Mən ilk gündən etibarən nəinki bunları danışmaq, hətta onlar üçün yazıram. Həmişə onlara deyirəm ki, Azərbaycan naminə oynamaq lazımdır. Bu, bizim əsas xarakteristikamız olmalıdır. Son 3 oyuna nəzər yetirsək, komanda yaxşı oynamışdı. Həmin görüşlər də mənə bu matça yaxşı baxmağa ümid vermişdi. Çünki, məşqlərdə də özlərini yaxşı göstərmişdilər. Bu, karyeramdakı 2-ci ən böyükhesablı məğlubiyyətimdir. Birincisi uzun illər əvvəl olub.
– Hansı daha çətindir: futbolçular üçün milli komandada oynamaq, azarkeşlər üçün milli komandanı dəstəkləmək yoxsa sizin üçün milli komandanı çalışdırmaq?
Düşünürəm ki, vurğuladığınızım heç biri çətin deyil. Mən qürur hissi keçirirəm ki, Azərbaycan millisinin baş məşqçisiyəm və əlimdən gələnin ən yaxşısını da etməyə çalışacam. Futbolçuların da bunun üçün çalışdığına inanıram. Hazırda dedikləriniz içərisində ən çətini tamaşaçılar üçündü. Hazırda Azərbaycan xalqı bizim məğlubiyyətimizə görə çox məyusdur.