Salam, D Liqası!

Azərbaycan millisi UEFA Millətlər Liqasına ağır məğlubiyyətlə vida etdi. Fernandu Santuşun yetirmələri C Liqasının 1-ci qrupunun sonuncu – VI turunda İsveçə 0:6 hesabıyla məğlub oldu.

Qrupu sonuncu bitirən yığma yeni mövsümdə D Liqasında mübarizə aparacaq. Burdakı rəqiblər isə Cəbəllütariq, Malta, Andorra, Lixtenşteyn kimi komandalar olacaq. Qələbələr haçan olacaq? Sevinməyə səbirsizlənirik!

Canni De Byazinin ayrılığından sonra yığmanın sükanını 70 yaşlı Santuşa tapşıran AFFA rəhbərliyi mütəxəssisdən yaxşı nəticələr gözləyirdi. Futbol ictimaiyyəti arasında da ümidli olanlar az deyildi. Lakin 6 oyun və fiasko. Santuş ilk sınağında qələbə görmədi, əksinə, böyükhesablı məğlubiyyətlər yaşadı. Qəbələdə Estoniya ilə heç-heçə isə mütəxəssisin yeganə xal qazancı oldu.

Turnirin 2024/25 mövsümü Azərbaycan üçün fiasko ilə yekunlaşdı. B Liqasına yüksəlməyi düşünürdük, D Liqasına düşdük. Sərgilənən oyun bir fiasko, nəticələr ondan da fiasko. Santuş hələ də nələrisə dəyişəcəyinə ümid edir. Uzunmüddətli planlardan eyham vuran mütəxəssis artıq özü də nağıllarına inanmır. Nəsə danışmalıdır və pozitiv məqamlar axtarır, tapılmır, amma danışır.

Gedişat yaxşı görünmür. Qarşıda uzun fasilə var və daha sonra dünya çempionatının seçmə mərhələ oyunları başlayacaq. Santuş ona kimi postunda qalacaqmı? Gözlənilən də, deyilən də odur. Özü də azı 4 il burda qalmağı hədəfləyir və nələrisə dəyişəcəyinə ümid edir. Gözləyək, sonda ölən ümidlərdir, hərçənd, futbolumuz ölüb artıq…

Şahin Cəfərov