Klub prezidenti: “Bu bizim övladlarımızın gələcəyi üçündür”

II Liqada mübarizə aparan “Lerik” futbol klubu cari mövsümdə maddi cəhətdən çətinlik çəkir.

Futbolpress.az xəbər verir ki, sözügedən klubun prezidenti Famil Məmmədov komandanın hazırki durumuyla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, yerli iş adamlarının kluba hər hansı bir dəstək göstərmədiyinə görə təəssüfləndiyini bildirib:

“Yəqin futbol inkişafı ilə maraqlananlar üçün Lerik Futbol Klubunun taleyi maraqlıdır. Ona görə də bu barədə kiçik bir açıqlama vermək istəyirəm.

Bir müddət öncə klubun səfər oyunlarından birində iştirak edə bilməməsi medianın diqqətini bu məsələyə yönəltdi. Bu məsələ kifayət qədər işıqlandırıldı. Buna görə hər bir media nümayəndəsinə təşəkkür edirəm, müsbət mənada çalışdılar ki, bu məsələyə dəstək versinlər.
Təəssüf ki, yerli səviyyədə, bögədən bu məsələyə dair bir xəbər çıxmadı, hər hansı bir zəng, dəstək, kömək və.s, eləcə də iş adamlarından hər hansı bir təklif almadıq (Məsələdən əvvəldə müracətimiz olub). Əslində bunu normal qarşılayırıq, hər kəsin öz profili var və ona uyğun işlər görürlər. Amma belə bir çətin vəziyyətdə olan idman klubuna kiçik dəstək vermək mümkün olardı. Bu bizim övladlarımızın gələcəyi üçündür.
Mən bu gün klubda varam, sabah olmaya bilərəm. Amma bu klub yalnız mənim üçün deyil, region üçün fəaliyyət göstərir. Bu gün Lerik, sabah başqa bir ad, digər gün başqa bir ad, belə bir halda çətin futbolda inkişaf olsun. Bu, regionda gənc nəslin inkişafına yönəlmiş bir təşəbbüsdür. Təəssüf ki, bunu bəlkə də hələ başa düşmürük, amma nə vaxtsa başa düşəcəyik.
Bəzi insanlar düşünə bilər ki, kifayət qədər çox adamla işləyirəm, minlərlə gənclə çalışıram, bəs niyə bu mənada dəstək yoxdur? Təəssüf ki, real vəziyyətdə həmin gənclərin maddi azadlığı yoxdur. Çoxları 25-30 yaşlarında müəyyən səviyyədə sabitliyə çatır. Buna baxmayaraq, yanımda olan hər kəsə təşəkkür edirəm!
O ki qaldı klubun son oyunlardakı uğursuz nəticələrinə, biz onsuz da mövcud şəraitə görə yaxşı heyət formalaşdıra bilmədik. Bu məsələləri mövsümün əvvəlində müəyyən şəxslərlə müzakirə etmişdik və “yaxşı olacaq, başlayın” ümidi ilə mövsümə başladıq. Hazırda isə bəzi futbolçularımız gündəlik işlərdə çalışdığına görə oyunlara gələ bilmir. Bu da nəticəyə təsir edən əsas amillərdəndir. Yenə də ümidimizi itirmirik, nəticə düzələndir.

Qeyd: Bir neçə dəfə bildirmişik ki, klubun idarə edilməsində və ya klubun yaşaması üçün məsuliyyət götürmək istəyən şəxslər varsa, biz hər zaman bir masa arxasında oturub bu məsələləri müzakirə etməyə hazırıq. Yetər ki, klub yaşasın və ölkəmizə faydalı gənclik, faydalı idmançılar yetişdirilsin”.

9 turdan sonra aktivində 7 xalı olan “Lerik” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.