Musa Qurbanlı: “Bundan nəticə çıxartmalıyam”

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı UEFA Millətlər sabah Estoniyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, hücumçu jurnalistlərin suallarını cavablandırıb.

– Artıq 5 gündür ki, buradayıq və Estoniya ilə qarşılaşmaya hazırlaşırıq. Bizim üçün çox vacib oyundur. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çalışacayıq ki, həm baxımlı oyun nümayiş etdirək, həm də lazım olan nəticəni qazanaq.

– ⁠Komanda Estoniyaya qalib gəlməzsə, D liqasına düşəcək. Futbolçuların üzərində bunun təzyiqi var? Həmçinin cari mövsümdə hələ ki, qol vurmamısan…
– ⁠Əlbəttə, bunun fərqindəyiq və bu görüşün bizim üçün nə qədər vacib olduğunu dərk edirik. Ona görə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacayıq. Özümə gəldikdə mövsümün əvvəlində əməliyyat olundum və oynamağa hələ təzə başlamışam. Çalışıram ki, fiziki formamı bərpa edim. İnşallah ki, bundan sonra hər şey öz yerini tapacaq.

– Fernandu Santuş gəldikdən sonra millinin nəticələrində dəyişən heç nə yoxdur. Hələ də uduzuruq… Səncə, Santuşun gəlişindən sonra dəyişən nə var?
– ⁠Hər məşqçinin öz fəlsəfəsi var. Santuş böyük məşqçidir və nailiyyətləri də göz qabağındadır. Bu mənim ilk təlim-məşq toplanışımdır. Əlbəttə ki, onun da öz düşüncəsi var. Futbolçular olaraq biz buna öyrəşməliyik. Onun oyun fəlsəfəsini meydanda icra edə bildikdən sonra düşünürəm ki, nəticələr daha yaxşı olacaq.

– ⁠”Yurqorden”də gözlənilən performansı nümayiş etdirə bilmədin. Bura gəldikdən sonra isə zədələndin. Həmin dövr travma kimi səndə qalıb yoxsa hər şey yolundadır?
– ⁠Əlbəttə, bunu normal qarşılayıram. Mənim üçün çətin oldu. Həm fiziki, həm də mental olaraq asan deyildi. Mən də fərqindəydim ki, gözləntilər böyükdür. Çünki, gənc azərbaycanlı futbolçu kimi Avropaya yollanmışdım. Özümün özümdən də gözləntiləri yüksək idi. Amma çətinliklər oldu. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər bir futbolçunun karyerasında çətinliklər olur. Çətinliklər olmasa, nailiyyətlər də böyük olmaz. Yaxşı mənada bundan nəticə çıxartmalıyam. Fikirləşirəm ki, bu məni həvəsdən salmamlıdır. Hələ ki, gənc futbolçuyam, karyeramın başındayam, 22 yaşım var. Nə qədər də çətin olsa hesab edirəm ki, bu mənim üçün yaxşı təcrübəydi. Ölkə xaricində futbol oynadım və oranı da gördüm. Bunu bir təcrübə kimi qarşılayıram və çalışıram ki, bundan dərs çıxarım.

– ⁠Heyət səviyyəsi barədə fikirlərini bilmək istərdik. Çünki rəqiblərinizin heyətində Avropada çıxış edən futbolçular var. Estoniya ilə millimizi müqayisə etdikdə, hansı fərqlər var?
– ⁠Doğrusu, Estoniyanın heyətində çıxış edən futbolçuları bir-bir tanımıram. Harada oynadıqlarını bilmirəm və mənim üçün çox da maraqlı deyil. Bu, futboldur. Bəzən çoc güclü komandalar belə zəif komandaya məğlub ola bilir. Ona görə də futbolda hər şey ola bilər. Hesab edirəm ki, sadəcə öz oyunumuza köklənsək, rəqibi sadəcə taktiki cəhətdən analiz edərək, məğlub edə bilərik. Ancaq belə detallara çox da fikir vermirəm. Öz işimi görməyə çalışıram.

– ⁠Milliyə dəvət almamışdın. Rüstəm Əhmədzadənin zədələnməsindən sonra gəldin. Bəs, dəvət almamağı gözləyirdin, həmçinin indiki durumu özün üçün bir şans olaraq görürsən?
– ⁠Əlbəttə, hər futbolçu millidə oynamaq üçün can atır. Amma mən başa düşürdüm. Hələ zədədən təzə qayıtmışdım. İndi belə alındı. Milliyə əlimizdən gələni etmək üçün hər zaman hazırıq. Məşqçimiz dəvət etdi mən də çalışacam ki, əlimdən gələni edim.