Santuş: “Elə şeylər əldə etmək istəyirik ki…”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah UEFA Millətlər Liqasının V turunda Estoniyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Dünən məşq axşam saatlarında olmuşdu. Bu gün isə mətbuat konfransının səhər saatlarında olmasının səbəbi nədir?
– ⁠Bunu etməkdə əsas məqsədimiz, komandanın daha çox vaxtı olsun. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Bu üzdən də düşündük ki, daha 24 saat boş vaxtları olsun və matça bərpa ola bilsinlər.

– ⁠4 oyundan sonra komandanın aktivində xal yoxdur. Bu nəticə sizin üçün nə qədər gözləniləndi? Həmçinin bu gün həmin qarşılaşmalara baxdıqda nə çatmırdı?
– ⁠Əlbəttə, oyunu təhlil edəndə baxırıq ki, çatışmayan nələr var. Son 2 görüşə nəzər yetirsək, komanda sözün əsl mənasında yaxşı oynadı. Futbolçularımız inkişaf edir. Estoniya ilə ilk matça nəzər yetirsək, komanda yaxşı oyun nümayiş etdirdi. Hər şey yolunda gedirdi. Lakin gözlənilməz qollar buraxdıq və məğlub olduq. Fəqət təhlil zamanı hansı səhvlərə yol verdiyimizi, həmçinin çalışırıq ki, həmin xətaların üzərində işləyib aradan qaldıraq. Slovakiya ilə görüşə də nəzər yetirsək, həqiqətən də komanda yaxşı oyun nümayiş etdirdi. Lakin oyunçumuz qırmızı vərəqə aldığı üçün 10 nəfərlə mübarizə aparmalı olduq. Futbolda belə detallar sonda nəticəyə təsir edir. Hazırda oyunçularım çox yaxşı məşq edib. Onlar bu oyunda qələbəyə motivasiyalıdırlar və əllərindən gələni edəcəklər ki, sabah qələbə qazansınlar. Həmişə vurğuladığım kimi qarşımıza məqsəd qoyulub və oyundan-oyuna inkişaf edirik.

– ⁠Əgər bu qrupu xalsız başa vursanız, reaksiyanız necə olacaq?
– ⁠Artıq bu barədə bir neçə dəfə danışmışam. Mənim 2028-ci ilə qədər müqaviləm var və məqsəd də odur ki, yaxşı heyət quraq. Elə bir şeylər əldə etmək istəyirik hansı ki, Azərbaycan millisi bu günə qədər elə şeylər əldə etməyib. Bundan öncəki mətbuat konfranslarımda vurğuladığım kimi 2027-ci ildə bütün bunların hamısını təhlil edə biləcəyik.

– ⁠Milliyə futbolçu dəvət edərkən, Azərbaycan futbol ictimaiyyətinin fikirləri sizin qərarınıza nə dərəcədə təsir edir? Məsələn, “Səbail”də çıxış edən gənc oyunçu Rüfət Abdullazadənin dəvət olunması istənirdi.
– ⁠Mən bütün çempionat oyunlarını izləyirəm və bütün futbolçuları tanıyıram. Verdiyimiz qərar da ondan ibarətdir ki, əgər hansı oyunçu komandaya gəlirsə, deməli köməyi dəyəcək. Bütün futbolçularla bağlı verilən qərarlar yalnız mənə aiddir və heç bir kənar müdaxilə mənim qərarlarıma təsir etmir. Kimin bizə kömək olacağını hiss edirəmsə, onlara da dəvət göndərirəm.