Santuş və millinin xal arzusu – itkiyə yer yoxdur

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq. Sabah Qəbələ şəhər stadionunda baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Estoniya yığması ML-də cəmi bir qələbə qazanıb və o da Azərbaycana qarşı. Hazırda qrupda 3 xalla 3-cü sırada qərarlaşan estonlar daha əvvəl İsveçə hər iki oyunda 0:3, Slovakiyaya isə 0:1 hesabıyla uduzub. Komandanın son beş görüşdə cəmi iki qələbə qazanıb. Ötən ay Azərbaycana qalib gələn Estoniya seçməsi iyunda keçirdiyi yoldaşlıq turnirində isə Litvanı məğlub edib.

Azərbaycan millisi bu görüşdə qələbə qazana bilməzsə, C Liqasını tərk edəcəyi dəqiqləşəcək. Qrupda sonuncu sırada olan milli liqada qalmaq şansının davam etməsi üçün mütləq qələbə qazanmalıdır.

Millidə əsas problem hücum xətti ilə bağlıdır. Komandanın qol silahları Mahir Emreli cəza, Renat Dadaşov isə zədə səbəbindən Estoniya ilə görüşü buraxacaq. Kapitan və yarımmüdafiənin əsas üzvü Emin Mahmudov da zədələndiyi üçün düşərgəni tərk edib. Santuşun Estoniyaya qarşı hansı “11-lik”lə çıxacağı sual doğurur. Xüsusilə, hücumdakı problemlər fonunda hansı oyun sistemini seçəcəyi maraqla gözlənilir.

Hər bir halda, oyunçu keyfiyyəti baxımından Estoniyanı üstələyirik və qələbə mütləqdir. Səfərdəki matçda da komanda oyuna yaxşı başlasa da, fərdi səhvdən buraxılan qol və növbəti əks-hücumlarda müdafiədəki diqqətsizlik baha başa gəldi. Estoniya ilə görüşdə qazanılacaq qələbə həm Santuşun millidəki, həm də millinin Millətlər Liqasındakı ilk xalları olacaq.

Kamil Əhməd