Ötən mövsüm həm Premyer Liqanın, həm də ölkə kubokunun “gümüş”ünü qazanan “Zirə”nin uğurlu çıxışı yeni “futbol ili”də gözlənilirdi. Həmçinin “paytaxt kəndçilərinin” avrokubok mövsümündə “Omoniya” ilə səfər matçındakı 0:6 hesablı məğlubiyyətini çıxsaq, Avropa arenasında da kifayət qədər qənaətbəxş performans sərgilədiyini deyə bilərik.
Hələ də cari mövsüm UEFA klub reytinqində ölkə hesabına ən çox xal qazanan klub ünvanını da özündə saxlayır.
Elə yeni mövsümə də iddialı başlayan “qartallar”ın çempionluq yolunda əsas namizədlərdən biri sayılırdı. Lakin gözləntilər hələlik özünü doğrultmur. Hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Rəşad Sadıqovun komandasının ən yaxın rəqibi “Turan Tovuz”la aradakı xal fərqi 6 xaldır. Xüsusən də ilk “beşlik”də qərarlaşan komandalar (“Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə”, “Sabah”) arasında ən çox məğlubiyyətə malik kollektiv də “qartallar”dır.
Çempionatın başlanğıcında “Qarabağ”a “dişli” rəqiblər arasında göstərilən “Zirə”nin artıq “atlılar”a iki dəfə olmaqla, ümumilikdə aktivində 5 məğlubiyyəti var. Bu gedişatın heç də yaxşı olmadığı gün kimi aydındır.
Son turda Ağdam təmsilçisinə 4 top fərqiylə məğlub olan kollektivin çalışdırıcısı Sadıqov, standart vəziyyətlər zamanı buraxdıqları qollar sarıdan böyük çətinlik çəkdiklərini bildirdi. Bu baxımdan məşqçi haqlıdır. Ancaq…
Komandanın yaralı yerinin müəyyən olunmasına baxmayaraq, əlac hələ real “müalicə” yoxdur.
Çempionatın başlanğıcında itirlən hər xal sonda əhvalı korlaya bilər. Hələ ki, liderlər qrupundan çox da uzaq düşməyən “qartallar”ın milli fasilədən sonra göstərəcəyi oyun maraqla gözlənilir.