“Neftçi”nin əvəzedici komandası çempionatda liderliyə yüksəlib. Rəşad Abdullayevin yetirmələri 13 turdan sonra 32 xalla turnir cədvəlinin birinci sırasındadır və ən yaxın izləyicisi “Turan Tovuz-2″ni bir xal qabaqlayır.
Mütəxəssis “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Ötən il komanda çempion oldu və bu il heyət dəyişib. Gedənlərimiz də oldu, əsas komandaya yüksələnlər də. İlk turlarda çətin oyunlarımız oldu. Komandadan tam razı qalmamışdım. Ümumiyyətlə, indi də oyun baxımından axsamalar olur. Məşqçi kimi bundan razı qalmırıq. Lakin artıq indi liderliyi ələ keçirmişik. Komandam qələbə ruhunu qaytarıb. Bu, bizi çox sevindirir. Nəticə və oyunçuların yüksəlişi bu məqamlardandır”.
Ötən il böyük fərqli çempionatda dominantlıq edən “Neftçi-2” bu mövsüm “Turan Tovuz”un ikinciləri ilə ciddi rəqabətdədir. Abdullayev komandada ötən illə müqayisədə dəyişikliklər olduğunu bildirdi:
“Keçən il oyunçularımız daha çox bir yerdə oynamışdı. Düzdür, keçən il dominant biz idik. Bu il heyətimiz yenidir, bəzi uşaqlar üçün yeni səviyyədir. Xəttlərarası əlaqələri düzəltməyə başlayırıq. Həm də rəqiblərimiz bizə qarşı ikiqat hazırlaşır. Oyunlarda da bunu hiss edirik. “Neftçi”yik və bizə qarşı ciddi hazırlaşmaları normaldır. Komandada geriləmə yoxdur. Bu il yeni komanda qurmuşuq, mənimçün vacib məqam uşaqların inkişafıdır. Onların yaxşı olmasını, gələcəkdə böyük komandalarla oyunlarda faydasını görmələrini istəyirik”.
“Neftçi”nin əsas komandasının məşqçiləri ilə tez-tez danışdıqlarını söyləyən mütəxəssis əvəzedicilərdəki əsas hədəflərini açıqladı:
“Əsas komandanın məşqçiləri ilə daim söhbətlər aparırıq. Gələcəkdə futbolçularımızın performansından çox şey asılıdır. Məşqçilərlə mütəmadi əlaqədəyik. Əsas komandaya uşaqlarımız gedir. İstəyimiz odur ki, həm çempionatda nəticə verək, həm də əsas komandaya uşaqlar verə bilək”.
Şahin Cəfərov